Azərbaycanda 60 yaşında qadın uşaq doğub- Yaşı 50-dən yuxarı qadınlar isə 516 körpə dünyaya gətiriblər
Azərbaycanda son 16 ildə 50 yaşından sonra ana olan qadınların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1999-cu ildən 2015-ci ilədək Azərbaycanda 50 yaşdan yuxarı qadın 516 körpə dünyaya gətirib. Sözü gedən müddət ərzində ən çox 1999-cu ildə 50 yaşından yuxarı qadının dünyaya 106 körpə gətirdiyi məlum olub. Sonrakı illərdə bu tendensiyada azalma müşahidə olunsa da, 2006-ci ildə 37, 2012-ci ildə 42, 2013-cü ildə isə 46, 2015-ci ildə isə 38 körpə yaşı 50 –dən yuxarı qadınlar tərəfindən doğulub.
Unikal.org-un araşdırmasına görə, 50 yaşdan yuxarı dünyaya uşaq gətirən qadınlar arasında bir neçəsi 60 yaşda olanlar da var.
Qeyd edək ki, 1999-cu ildən 2015-ci ilədək 40-50 yaş arası qadınlar təxminən 33 min 845 körpə dünyaya gətirib. Dövlət Statistika Komitəsindən Unikal.org-a o da bildirilib ki, 2016-ci ildə ölkəmizdə 50 yaşdan sonra ana olanların statistikası da açıqlanacaq.
Bu arada Səhiyyə Nazirliyi Azərbaycanda 50 yaşdan yuxarı qadın tərəfindən 516 körpə dünyaya gətirilməsi məsələsinə münasibət bildirib.
Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovadeyib ki, 50 yaşdan sonra təbii yolla dünyaya uşaq gətirmək mümkün deyil:
“Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər qadının uşaq dünyaya gətirməsi üçün yaş bölgüsü var. 18 yaşından 40 yaşınadək qadınlar təbii yolla dünyaya uşaq gətirmək qabliyyətinə malikdir. Dünya Səhiyyə Təşkilatı qadınlara ilk övladını 20 yaşından 25-yaşadək dünyaya gətirməyi tövsiyyə edir. İkinci və üçüncü övladın doğulmasına 25 yaşdan sonra icazə verilir. DST-də belə bir qanun var ki, 35 yaşından yuxarı təbii yola uşaq dünyaya gətirən anaların özvladının 50 faizində genetiq problemlərə rast gəlinir. Ona görə bu yaşdan sonra qadının təbii yolla hamilə qalıb, doğması çox risklidir. 40 yaşından sonra qadınların orqanizmində təbii olaraq qocalma gedir. Həmin insanlarda beyin qabığı və beyin qabığı altı strukturlar yaşlaşmış olduğundan, öz funksiyalarını yetərincə, yerinə yetirə bilmirlər. Ona görə də 40 yaşından yuxarı qadınlarda yaşla əlaqədar dəyişikliklər baş verir. Artıq bu yaş dövründə qadınların yumurtası yetişmir. 30 yaşından sonra qadınların uşağa qalmaq şansı 5 ildən bir 15 faiz azalır. Məsələn, 18-25 yaş arası qadınlardan 50 faizi təbii yolla uşağa qala bilirsə, 30-35 yaşında 15 faiz, 40-45 yaşında isə bu rəqəm sıfıra yaxınlaşır. Əgər ağac quruyubsa, onun bar verməsi nə dərəcədə mümükündür? Hesab edirəm ki, 50 yaşdan yuxarı qadınların təbii yolla uşaq dünyaya gətirməsi qeyri-mümkündür. Bir sözlə, dünyada 40 yaşdan sonra qadınların əksəriyyəti süni mayalanma yolu ilə ana ola bilir. Burada iki variant var: Birinci qeyd edəcəyim məqam xaricdə daha geniş yayılıb. Misalçün, cavan qadın karyera qurur deyə, 18-25 yaşında uşaq dünyaya gətirmək istəmir. O, öz yumurtalarını dondurur və bankda saxlayır. 35 və yaxud 50 yaşında ailə quranda öz yumurta hüceyrəsini götürüb, həyat yoldaşının toxumu ilə mayalandırıb qarnına yerləşdirir. Hormonal pereparatlar vasitəsi ilə döl 9 ay bətində böyüyür və vaxtında dünyaya övlad gəlir. Dünyanın məşhur xanımları Cenifer Lopers, Alla Puqaçeva və digərləri məhz bu üsulla 45 yaşından sonra ana olublar. İkinci bir məsələ cavan bir insanın donor yumurtasını mayalandırıb öz qarnında əkməsidir. Buna suroqatlıq deyirlər. Qeyd etdiyim bu iki yolla qadınlar uşaq dünyaya gətirirlər”.
Respublikanın baş mama-ginekoloqu Azərbaycanda 1999-cu ilən 2015-ci ilədək 50 yaşda qadınların uşaq düyaya gətirməsinə də münasibət bildirib:”Azərbaycan qanunvericiliyində digər şəxsin yumurtalığı ilə dünyaya uşaq gətirmək sirr sayılır. Bunu heç bir klinika açıqlayıb deyə bilməz ki, bu qadının özünün yumurtasıdır, yoxsa bacısının və yaxud başqa bir cavan xanımın. Bu haqda heç bir məlumat verilə bilməz. Azərbaycan 2004-cü ildən süni mayalanma ilə məşğul olmağa başlayıb. Biz 2004-cü ildən bu günədək yalnız rəqəmləri yığırıq. Bu gün Azərbaycan qanunvericiliyində suroqatlığa icazə verilmir. Çox güman ki, 1999-cu ildə 50 yaşdan yuxarı 106 nəfər körpə dünyaya gətirən qadın ölkəmizdə deyil, xaricdə süni mayalanma ediblər. Onlar İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada mayalanma edib, Azərbaycanda doğublar. Çünki 2004-cü ilədək Azərbaycanda heç bir müəssisədə süni mayalanma olmayıb”.
932 dəfə oxundu