Dünya ABŞ-ın bu qərarına əks reaksiya verdi - İlginc məqamlar

Dünya ABŞ-ın bu qərarına əks reaksiya verdi -


"Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini qaldırması gözlənilən idi. Lakin qərarda sonrakı proseslər çox maraqlı oldu”. Bunu BakiPost.az-a iqtisadçı Natiq Cəfərli dünən Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcələrini qaldırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qərardan sonra dollar bahalaşacaq: "Fevral ayının ortalarından Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrinin faizinin artırılacağı haqda qərar verəcəyi artıq məlum idi. Yəni maliyyə birjaları və bazarları artıq belə bir qərarın olacağını 1 ay öncədən bilirdilər və bunu həzm etmişdilər. Sadəcə dünən birjaların FES-dən əsas gözləntisi o idi ki, bu il ərzində hansı sürətlə faiz artımına gediləcək.

Mətbuat konfransında bununla bağlı yumşaq danışıldı. Belə ki, il ərzində 4 dəfə faiz artımına lüzum olmadığı, artımın 3 dəfə olacağı bildirildi. Deməli bundan sonra 2 dəfə faiz artımının olması gözlənilir. Bu da təqribən ilin sonunda Amerikada FES-in uçot dərəcəsinin 1.25 faiz civarında olması deməkdir. Yəni birjalar və maliyyə bazarları bunu başa düşdülər.

Mətbuat konfransında o da qeyd olundu ki, Amerikada bundan sonra çox ehtiyatlı addımlar atılacaq, dünyada və Amerikada gedən proseslər izləniləcək. Bu da birjalara güvən verdi ki, bundan sonra FES-in atacağı addımlar daha ehtiyatlı olacaq. Buna görə də dünya bazarlarında hamı gözləyirdi ki, FES-in faiz artımından sonra dollar daha da bahalaşacaq. Amma ilkin reaksiya çox maraqlı oldu. Dollar dünyanın bütün əsas valyutalarına nisbətən az da olsa ucuzlaşdı. Bu, emosional məsələ idi.

Bu gün səhər tezdən dünya birjalarını izləmişəm. Əsasən də Asiya birjaları gecə işləyirdi. Əsas görünən odur ki, artıq birjalarda bir sakitlik hökm sürür. Artıq FES-in protokolları cümlə-cümlə öyrənilir. Birjalar da həmin protokollara görə reaksiya verməyə başlayır”.

İqtisadçı bildirib ki, bu il ərzində FES-in 3 dəfə uçot dərəcələrinin artımını həyata keçirməsi, çox ciddi siqnal olacaq: "Dolların bahalaşması yönündə bu, çox ciddi addımdır. Amerikada dollar bahalaşacaq. Dollara çıxış imkanları bahalaşdıqca dünyanın da dollara digər valyutalara nisbətən daha çox tələbi yaranacaq. Bu artıq qaçılmaz bir fakt kimi qarşıya çıxır.

Xatırladım ki, keçən ilin sonunda Amerika cəmi 0.25 faiz ilə borclanmaya gedirdi. Yaxın bir il ərzində birdən-birə borclanma 1 faiz artacaq ki, bu da dolları bahalaşdıracaq. Təbii ki, dollar bahalaşması bir çox ölkələrə təsir edəcək. Əsasən də inkişaf etməkdə olan ölkələrin valyutalarına ciddi təsir göstərəcək.
Eyni zamanda Azərbaycan manatına da təsiri mütləq olacaq. Ətraf ölkələrə təsir etdiyi halda, bizə birbaşa təsir etmir. Çünki bizdə birja yoxdur, qiymətli kağızlar bazarı yoxdur”.

Natiq Cəfərli qeyd edib ki, uçot dərəcələrinin 3 dəfə artımı əmtəə qiymətlərinə də təsir edəcək: "Yəni qızılın, neftin və digər xammalların qiymətlərinə təsir göstərəcək. Dollar bahalaşan zaman əmtəə qiymətləri az da olsa ucuzlaşır. Bu iki nöqteyi nəzərdən Azərbaycana təsir edəcək. Belə ki, neftin qiymətinin ən azından sürətlə bahalaşmasının qarşısını alacaq bir amil olacaq. Dünyada dollar bahalaşan zaman dolayısı yolla da olsa Azərbaycanda manatın məzənnəsinin aşağı düşməsi prosesi olacaq”.

Qeyd edək ki, bu gün FES uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...