Rusiya Türkiyə ilə Ermənistanı barışdırır?
“Rəsmi Moskva Ankara ilə İrəvan danışıqlar masasına oturandan sonra onlara fəal şəkildə yardım etməyə hazır olacaq”. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənilərə məxsus “Regional Post - Caucasus” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər: “Amma prinsipial olaraq vacibdir ki, tərəflər ciddi, məsuliyyətli qərarlar qəbul etmək və razılığa gəlmək bacarığı nümayiş etdirsin. Əminəm ki, Ermənistan və Türkiyə mövcud problemləri həll etməyə qadirdir. Bu zaman çox şey onların özlərindən asılıdır. Belə ki, siyasətçilərin keyfiyyəti təkcə onların obyektiv çətinlikləri real analiz etmələri ilə deyil, həm də optimist olmaları və öz vətəndaşlarının istəklərini reallaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. İrəvan və Ankara danışıqlar masasına əyləşən zaman Rusiya onlara ən aktiv yardımı etməyə hazır olacaq”.
Türkiyə-Rusiya münasibətlərindən danışan nazir bildirib ki, ölkələr arasında əlaqələrinin mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin xeyrinə olacaq: “Ölkələrimiz arasında münasibətlərin normallaşmasına digər dövlətlərə zərər verən prosesə kimi baxmağa dəyməz və bu əməkdaşlıq başqa dövlətlərə qarşı yönəlməyib. Çünki, Rusiyanın gizli gündəmi yoxdur. Biz başqasının maraqlarını pozan, üçüncü ölkəyə qarşı olan siyasi və ya iqtisadi alyans yaratmırıq. Ümid edirik ki, Ankara ilə ikitərəfli əməkdaşlığın mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin xeyrinə olacaq”.
735 dəfə oxundu