Vergilər Nazirliyi dəyişiklikləri şərh etdi - DETALLAR

Vergilər Nazirliyi dəyişiklikləri şərh etdi -


“Yaxın vaxtlarda vergi ödəyicilərinin bank hesablarından çıxarılmış vəsaitlərin məbləği, sığorta əməliyyatları, kommunal xidmətlər göstərən təşkilatların fəaliyyəti və digər əlaqəli məlumatlar əldə ediləcək. Riskli vergi ödəyiciləri müəyyən olunaraq onlarla fərdi qaydada işlər aparılacaq”.

Bu haqda Modern.az-a Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, vergi sisteminə yoxlama və nəzarət tədbirləri risk modelləri əsasında təyin edilir:
“Yəni müəyyən məlumatlar əsasında riskli vergi ödəyiciləri müəyyən edilir və riskin səviyyəsinə uyğun olaraq, nəzarət tədbiri həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyiciləri tərəfindən bank hesablarından nağd şəkildə çıxarılan vəsaitlərdən banklar tərəfindən 1% dərəcə ilə vergi tutulur və bu barədə vergi orqanlarına hesabat təqdim edilir. Həmin hesabatlarda vergi ödəyiciləri tərəfindən nağdlaşdırılmış vəsaitin məbləğinə baxılacaq, əgər bu məbləğ risk yaradırsa, belə halda həmin ödəyicilər tərəfindən qanunun tələblərinə əməl edilib-edilməməsini yoxlamaq məqsədilə onların fəaliyyəti xüsusi nəzarətə götürüləcək”.

Onun sözlərinə görə, qanunun tələblərinə əməl olunmasına nəzarətin təmin edilməsi məqsədilə Vergi Məcəlləsinə də müvafiq əlavələr edilib:

“Vergi Məcəlləsinin 50-ci maddəsinə edilmiş əlavə ilə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət edilməsi operativ vergi nəzarəti ilə əhatə olunan məsələlərin dairəsinə daxil edilib. Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada aparılmasına görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.

T.Quliyev qeyd edib ki, «Nağdsız hesablaşmalar haqqında» Qanunun qəbul edilməsini şəffaflığın təmin olunmasının əsas şərtlərindən biri kimi dəyərləndirib:
“Qanunun 3.4-cü maddəsinə əsasən, vergilərin, gömrük rüsumlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının, faizlərin, sığorta ödənişlərinin, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqlarının (o cümlədən: işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım və müavinətlərin (o cümlədən birdəfəlik müavinətlər), kompensasiya və təzminatların, stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsinin, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılmasının, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsi), təhsil haqlarının ödənilməsinin, turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub”.
O bildirib ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq hər bir vergi ödəyicisinin vəzifəsidir.

T. Quliyevin sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu məsələlərə daha da aydınlıq gətirildi:

“Qanunun tələbini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi də Vergi Məcəlləsində nəzərdə tutulub. Belə ki, hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Məlum olduğu kimi, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır”.

T.Quliyev qeyd edib ki, bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərlə məsuliyyət tədbirləri nəzərdə tutulub:

“Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub. Odur ki, maliyyə sanksiyalarına məruz qalmamaları üçün vergi ödəyicilərinə malları ciddi hesabat blankları əsasında almalarını tövsiyə edirəm”.

O həmçinin deyib ki, Azərbaycan ərazisində malların sənədsiz satılması qanuna ziddir:

“Hər bir mal ya ölkədə istehsal olunur, ya da xaricdən idxal olunur: hər iki halda onlar qanunamüvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...