Ziyafət Əsgərov: “Hollandiya beynəlxalq hüquqa hörmətsizlik edib”
Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Hollandiya ilə Türkiyə arasında yaranmış problemə münasibət bildirib.
APA-nın xəbərinə görə, Z. Əsgərov Hollandiya hökumətinin addımlarını beynəlxalq hüquqa hörmətsizlik və Vyana Konvensiyasının tələblərinin kobud sürətdə pozulması kimi qiymətləndirib: “Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi yaxşı hal deyil. Sözsüz ki, Hollandiyada yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və onlar da referendumda iştirak edəcəklər. Onların Konstitusiyaya dəyişiklik haqqında məlumat almaq hüququ var. Nazirlər həmin məlumatları vermək üçün ora getmişdilər. Onların başqa məqsədi yox idi. Nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə Konsulluğunun diplomatlarına qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması deməkdir. Belə olan halda, ortaya bir sual çıxır ki, insan hüquqlarından danışan, dəm vuran Avropa insan hüquqlarına bu cürmü yanaşır? Bu cür yanaşmanı və münasibəti qəti şəkildə pisləyir və qınayıram. Hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətiriləcək”.
909 dəfə oxundu