Mehman Hüseynovun cinayət əməli niyə gözardı edilir?

Mehman Hüseynovun cinayət əməli niyə gözardı edilir?


Azərbaycanda siyasi məhbus yoxdur, bu günə qədər cinayət əməlinə görə həbs olunanlara “siyasi məhbus” yarlığı vuranlar olsa da, heç kim siyasi fikirlərinə, tutduğu mövqeyinə görə barmaqlıqlar arxasına atılmayıb. Lakin nədənsə, özünün siyasi fiqur, “tənqidçi” hesab edən şəxslərin konkret cinayət əməlinə görə həbs olunması hallarında dərhal klassik “siyasi məhbus” söz-söhbəti ortaya çıxır.

Bir neçə gün öncə konkret cinayət əməlinə görə həbs olunan bloger Mehman Hüseynov məsələsində də köhnə vasitələr işə salındı. Bu vasitələrin işə salanların həm daxildə, həm də xaricdə “marğa yatan”lar olduğu bəllidir. Səbəb də sadədir: hakimiyyəti ittiham etməyə əsas yaratmaq.

Amma sual yaranır: hər hansı vətəndaş polisə itaətsizlik göstərirsə, onun həbsi qanuni, Mehman Hüseynov eyni əmələ görə cəzalandırılması necə qeyri-qanuni ola bilər?

Mehman Hüseynovun həbsində konkret cinayət əməlinin olduğu bəllidir.

Cinayət əməli: Daxili İşlər Nazirliyi (DİN) Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət qaldırıb. Məlumata görə, bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər. Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.

Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib. Bundan sonra onun haqqında qanunvericiliyin müvafiq maddələrinə uyğun cinayət işi qaldırılıb və Suraxanı Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Təsəvvür edin ki, eyni əməli digər vətəndaş törədir və qanun onun cəzalandırılmasını tələb edir. Lakin eyni əməli törədən Mehman Hüseynov cəzalandırılmamaldır.

Bu iddia ilə çıxış edən bir sıra hüquq müdafiəçilərinin, müxalifətdəki azsaylı qrupların, elə Mehman Hüseynovun müdafiəsinə qalxanların da nə qədər demokrat olduqları ortaya çıxır. Nəyə görə başqa bir şəxs eyni əmələ görə həbs olunur və bu, konkret cinayət əməli sayılır, sadaladığımız qruplarınsa səsi çıxmır. Lakin məsələ Mehman Hüseynova gəldikdə, vəziyyət dəyişir və dərhal ittihamlar irəli çıxır. Nə üçün?! Deməli, Mehman Hüseynov istədiyi şəxsi təhqir edə, istədiyini söyə, polis orqanlarına ağır ittihamlar səsləndirə bilər, ona toxunmaq olmaz. Axı bu gün o, cinayətinə görə cəzalanmasa, sabah daha başqa cinayətlərə əl atacaq və bütün əməllərini də “hakimiyyəti tənqid” adı altında təmizə çıxaracaq. Əgər o, bu ölkənin vətəndaşıdırsa və bu ölkənin qanunları ilə yaşayırsa, qanunun müəyyən etdiyi cəzasını çəkməlidir. Yox, əgər kimsə belə hesab etmirsə, o zaman hansı hüquqdan, qanundan danışmaq olar. Burada “Mehman Hüseynov iqtidarı tənqid etdiyi üçün həbs olunub” iddiaları həqiqətən də yersiz və şablon görünür.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyir ki, vətəndaş Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb.

“Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da vətəndaşlar, təşkilatlar və s. məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə edirlər. Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir. Hesab edirəm ki, bu məsələ bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirilir. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil”, - o bildirir.

“Bir sıra hüquq müdafiəçiləri, müxalifətdəki azsaylı qruplar, elə Mehman Hüseynovun müdafiəsinə qalxanlar”, doğrudanmı, iqtidarın bir bloggeri, hansı ki, indiyə qədər ürəyi istəyəni deyib, faktsız-arqumentsiz ittihamlar səsləndirən Mehman Hüseynovu özünə “opponent” gördüyünü hesab edirsiniz?! Qanunu siyasi intriqalara qurban verməklə yanlış yoldasınız, ən azından, “qanun-qayda” bağıraraq, iqtidara qarşı çıxıb qazanc əldə etdiyinizi unutmayın. Axı eyni cinayət əməlinə görə, birini cinayətkar, digərini “Çe-Gevara” hesab etmək öz mahiyyətini ortaya qoymaq deyilmi?!

İddia edirlər ki, Mehman Hüseynov öz fəaliyyətinə görə həbs edilib. Sual yaranır: hansı fəaliyyət? Yenə iddia edirlər ki, o, jurnalist imiş və əsas peşə fəaliyyəti cəmiyyəti “dəqiq, qərəzsiz, balanslı, obyektiv” informasiyalarla təmin etmək olub. Və bir az araşdıranda məlum olur ki, Hüseynovun Yutub şəbəkəsində videobloqu, Feysbukda səhifəsi var. Hansı ki, milyonlarla insan bu şəbəkələrdə özlərinə hesab açaraq, arzuladıqları profil üzrə paylaşımlar edir, videolar yayırlar. Mehman Hüseynov da bu milyonlardan biri olduğu halda, onu necə jurnalist adlandırmaq olar. Cinayət əməlinə görə həbsi siyasiləşdirənlərin arqumentləri Hüseynovun “dəqiq, qərəzsiz, balanslı, obyektiv” “jurnalistikası”ndan heç də fərqlənmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...