Mehriban Əliyeva: "Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam"
"Hörmətli cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm. İnanıram ki, Sizin, cənab Prezident, bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam".
"Report" xəbər verir ki, bunu fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
"Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur. Keçmiş illər ərzində Sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi, bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfusunun artmasında biz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə işinə, əməyinə vicdanla yanaşmalıdır, qarşısına məqsəd qoyub və bu məqsədlərə çatmağa nail olmalıdır", - deyə Azərbaycanın Birinci vitse-prezidenti bildirib.
M.Əliyeva qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq 13 ildir öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. "Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda da heç zaman bu 13 il ərzində ayrı-ayrı insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək olar, ən böyük zirvələrə qalxmaq olar.
Hörmətli cənab Prezident, hörmətli Təhlükəsizlik Şurasının üzvləri! Sizi əmin edirəm ki, mən öz gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağam. Azərbaycana layiqlə xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə, Sizə dərin minnətdarlığımı bildirirəm".
1119 dəfə oxundu