Online ödənişlərdəki ƏDV qərarı fiaskoya uğradı - İş adamları dollarları ölkədən necə çıxarır?
Vergilər Nazirliyinin online xidmətlərə 18% ƏDV tətbiq etməsi əks effekt verməyə başlayıb.
BakiPost.az xəbər verir ki, xüsusən iş adamları 18 faizlik vergidən yayınmaq üçün pul kütlələrini ölkədən çıxararaq, xarici ölkə banklarında öz hesablarına yatırırlar. Bununla da həm valyuta ölkədən çıxmış olur, həm də aktiv online ödənişlər xarici banklar vasitəsilə aparılır.
Məsələni BakiPost.az-a şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, hökumətin 18 %-lik ƏDV tətbiq etməsində məqsədi əslində ölkəyə kapital axınını yüksəltmək idi: "Eyni zamanda bizdə xidmətlər var idi ki, həmin xidmətlərdən istifadə etməklə ölkədən böyük həcmdə dollar çıxırdı. Məsələn, "Uber” taksi xidməti dünyanın bütün ölkələrində var. Bu xarici şirkət olduğu üçün xidmətdən istifadə etdikdə həmin ödənilən pul xaricə köçürülür. Bununla da yerli taksi şirkətləri bir növ rəqabətdə uduzurlar. Başqa xidmətləri də göstərmək olar. Bunun qarşısını almaq üçün məhsullara deyil, xarici xidmətlər və işlərə görə əlavə dəyər vergisi tətbiq edilməyə başlanıldı. Amma bir sıra istisnalar var. Məsələn, təyyarə biletinin alınması və s.
Ümumiyyətlə, taksi xidmətindən tutmuş bir sıra xidmətlər üçün, xüsusən də mərc oyunları və s. ilə çox böyük həcmdə pullar ölkədən gedirdi. Təbii ki, indi bu vəziyyətdən istifadə etmək üçün mexanizmlər var. Bu mexanizmlərdən biri də xarici ölkədə 2-ci hesab açmaq və bir sıra məhsul satışından əldə olunan gəliri həmin hesaba köçürməkdir. Lazım olduqda həmin hesabdan ödənişləri etmək olur. Bu cür mexanizmlər var.
Artıq bu mexanizm bütün dünyada sınaqdan çıxıb. Dövrü olaraq istər sahibkar, istərsə də ayrı-ayrı şəxslər bundan çıxış yolu tapırlar”.
İqtisadçı hesab edir ki, bu problemi tam həll etmək mümkün olmayacaq: "Yəni bunun bir tərəfdən üstünlüyü varsa, digər tərəfdən də nağdsız ödənişlərə təsir edir. Halbuki hökumətin qarşısına qoyduğu prioritet məsələlərdən biri də online ödənişlərdir və onun həlli istiqamətində işlər gedir.
18 faizlik ƏDV isə bu istiqamətdə nağdsız ödənişlərin artırılması təşəbbüsünü bir qədər "tormozlayan” addımdır. Düşünürəm ki, bu səbəbdən ilk növbədə göstərilən xidmətlərin tərkibinin müəyyənləşdirilməsi çox vacibdir. Düzdür, bizdə bir sıra istisnalar var. Amma çalışmaq lazımdır ki, bu mexanizmin qarşısı inzibati yollarla deyil, iqtisadi yollarla alınsın. Yəqin ki, hər bir halda hökumət bu prosesin qarşısını yaxın zamanlarda məhdudlaşdırmağa çalışacaq. Amma bunun qarşısını almaq mümkün deyil. İnformasiya texnologiyalarının inkişafı imkan verir ki, insanlar bu qanununlardakı boşluqlardan və ya qanunların təsiri imkanı olmadığı mexanizmlərdən istifadə etsinlər. Bunun qarşısını almaq çox çətindir”.
996 dəfə oxundu