Xarici investorlar ABŞ-ı niyə kreditləşdirmək istəmir? - TƏHLİL
Bir neçə gün əvvəl maraqlı bir statistik məlumat dərc edilib. Bu məlumat öz statistik əhəmiyyətindən başqa həmçinin bir neçə ehtimallara yol açır. Son bir təqvim ayı ərzində, yəni ABŞ-ın yeni prezidenti vəzifəyə daxil olandan sonra ortaya çıxan bu ehtimallar da Birləşmiş Ştatların lehinə deyil.
Ötən il ABŞ-ın dövlət borcunun əsas saxlayıcısı olan Çin ABŞ dövlət istiqrazlarına investisiyalarını kəskin azaldıb. Nəticədə azalma rekord səviyyəyə çatıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Azalmadan sonra bu ilin əvvəlinə kimi Çin 1,06 trln. dollar həcmində ABŞ dövlət istiqrazlarına sahib idi. Bu göstərici son bir ildə 188 mlrd. dollar azalıb. Əsas səbəbi axtarmaq üçün uzağa “getmək” lazım deyil - Çində müəyyən iqtisadi problemlər müşahidə olunur. Artıq iki ilə yaxındır ki, yuan dəyər itirməyə meyllidir və buna yol verməmək və eyni zamanda, paralel olaraq iqtisadiyyatı dəstəklənmək üçün bazara müxtəlif yollarla pul buraxılır və bu pullar ehtiyatlardan götürülür. ABŞ dövlət istiqrazlarına investisiyaları azalmaqla paralel olaraq Çin 2014-cü ildən bu günə kimi yuanı dəstəkləmək, kapital və investorların ölkədən getməsinin qarşısını almaq məqsədi ilə öz valyuta ehtiyatlarının ¼ hissəsini xərcləyib. Bununla da valyuta ehtiyatları ardıcıl yeddi ay azalaraq 3 trln. dollara düşüb. Bu, Çin Mərkəzi Bankının valyuta intervensiyalarının nəticəsidir. Çin tərəfindən ABŞ dövlət istiqrazlarının satılması nəticəsində bu istiqrazların, daha dəqiq, ABŞ-ın 10 illik istiqrazların gəlirliyi ötən il ərzində iki dəfə artaraq illik 2,6 faizə çatıb. Bu proses təbiidir - istiqrazlar hər digər mal kimi kütləvi satışlar baş verəndə öz cəlbediciliyini nisbətən itirir ki, bu da satıcı üçün qiyməti azaldır. İstiqrazlar halında bu, gəlirliyin artmasında büruzə verir. Yəni satıcı (Maliyyə Nazirliyi) cəlbediciliyini artırmaq üçün gəlirliyini artırır, üstəgəl təkrar bazarda tendensiyalar nəticəsində bu proses təbii yolla baş verir.
Çin ABŞ dövlət istiqrazlarına investisiyaları azaldan yeganə iri kreditor deyil. Artıq ikinci ildir ki, Yaponiya da eyni addımı atır. Xatırladaq ki, Yaponiya ABŞ-ın əsas kreditorudur və bu ölkənin əlində olan ABŞ istiqrazlar paketinin həcmi ötən il ərzində 32 mlrd. dollara yaxın azalaraq 1,09 trln. dollar təşkil edib. Hələlik bütün bunlar kreditorların öz iqtisadi problemləri ilə bağlı məsələdir. Çinin istiqrazları satması yuanın zəiflənməsi və iqtisadi artımın azalması ilə əlaqədardır, amma böyük əminliklə ehtimal etmək olar ki, tendensiya davam edəcək və bu dəfə satışlar artıq daxili problemlərlə bağlı deyil, ABŞ-la bağlı olacaq. Qısa desək, söhbət ondan gedir ki, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra səsləndirilən ehtimallar yaxın gələcəkdə reallaşacaq. Yəni ötən il baş verən dövlət istiqrazlarına investisiyaların azalması ABŞ-ın iqtisadi siyasəti və xarici siyasəti üzrə qeyri-müəyyənlik, həmçinin dolların məzənnəsi üzrə qeyri-müəyyənliklə bağlı idi. Qeyri-müəyyənlik qaldığına görə, investorlar dövlət istiqrazlarına investisiyaları azalmağa davam edəcəklər. Nəticədə, proqnozlaşdırmaq olar ki, yaxın zamanda ABŞ istiqrazlarının gəlirliyi 3%-ə çatacaq. Bu o deməkdir ki, ABŞ-ın dövlət borcu, xidmət xərclərinin bahalaşması davam edəcək. İlk baxışdan gəlirliyin artması digər investorları cəlb etməlidir, amma məhz burada ABŞ-ın yeni rəhbərliyinin proqnozlaşdırıla bilinməyən qərarları, bəzi hallarda məntiqlə izah oluna bilməyən addım və planları investorları qorxudur.
Proses artıq başlayıb. Belə ki, ümumilikdə, ötən ilin dekabrında ABŞ uzunmüddətli dövlət istiqrazlarından kapital axını 12,9 mlrd. dollar təşkil edib. Buraya korporativ istiqrazlar və səhmlər üzrə bəzi derivativləri də əlavə etsək, ümumi vəsaitlərin çıxarılması 43 mlrd. dollara çatıb. Və bütün bunlar yalnız bir ay ərzində baş verib. Tam əminliklə demək olar ki, Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın borc bazarından vəsaitlərin çıxarılması kütləvi xarakter alıb və bu proses tək Çin və Yaponiya ilə kifayətlənmir. Artıq nisbətən kiçik investorlar da ABŞ-ın qiymətli kağızlarından yaxa qurtarır. Qeyd edək ki, ümumilikdə ABŞ-ın xəzinə istiqrazlarının təxminən 44 faizi, yəni 6,15 trln. dolları qiymətli kağızlar şəklində xarici investorlara məxsusdur. Bu kreditorlar əsas xarici dövlətlərdir. Bu fakt, bəlkə də, gələcəkdə böyük əhəmiyyət daşıyacaq, dekabrdakı azalma da müəyyən mənada bununla əlaqəlidir. Bu fikri izah edək: söhbət ondan gedir ki, əgər korporativ investorlar əsasən maliyyə və iqtisadi maraqlarından çıxış edirsə, ölkələrin və dövlət qurumlarının atdığı addımlara siyasi amillər də təsir edir. Belə bir mənzərəni təsəvvür edək - ABŞ-ın yeni rəhbərliyin hansısa qərarı və ya bəyanatı hansısa dövlətə qarşı istiqamətlənsə, həmin dövlət və ya onun qurumları cavab addım kimi ABŞ-ın dövlət istiqrazlarını satacaq. Əlbəttə ki, bu proses belə primitiv olmur, amma məntiq belədir ki, ABŞ-ın yeni rəhbərliyinin addımları ABŞ-ın xəzinə kağızlarının və hətta korporativ istiqrazların satılmasına gətirib çıxarır.
Paradoks ondan ibarətdir ki, indi ABŞ dövlət istiqrazları üzrə gəlirliyin, dediyimiz kimi, qalxmasına baxmayaraq, dünya maliyyə bazarında xarici investorlar arasında onları almaq istəyən ya yoxdur, ya da çox azdır. Bütün mütəxəssislər bir nəfər kimi açıq etiraf edir ki, Trampın qərarları, plan və ritorikası xarici investorları ABŞ dövlət istiqrazlarını almaqdan çəkindirir. Hazırda dünya maliyyə bazarında ABŞ xəzinə və korporativ istiqrazlarına tələbat azalır və bu tendensiya hər gün güclənir. Bunun əsas nəticəsi o ola bilər ki, ABŞ-ın ucuz borc vəsaitləri cəlb etmə qabiliyyəti azalır ki, bu da Trampın (bəzi hallarda populizm xarakteri daşıyan) planlarının reallaşmasına mane ola bilər. İnfrastruktur xərclərinin artırılması, vergilərin azaldılması kimi planların reallaşdırılması üçün vəsaitlərin cəld edilməsi ciddi problemlərlə qarşılaşacaq. Aydındır ki, əgər Trampın vergiləri azaltmaq planları varsa, xərcləri heç olmazsa indiki səviyyədə saxlamaq üçün vəsaitləri digər mənbədə axtarmaq lazımdır. Həmişə bu mənbə borc bazarı olub, çünki ABŞ-ın dövlət istiqrazları dünyada ən etibarlı qiymətli kağız hesab olunur. Lakin, dediyimiz kimi, indi investorların ABŞ qiymətli kağızlarına yanaşması diametral dəyişib. Aydındır ki, planları reallaşdırmaq üçün pul emissiyası yolu həmişə var, amma çətin ki, ABŞ-ın hətta yeni rəhbərliyi belə bu addıma getsin. Çünki bu dolların kəskin ucuzlaşmasından əlavə iqtisadi inkişafı ümumilikdə təhlükə altına atacaq. Paralel olaraq miqrasiya siyasəti öz mənfi nəticələrini verəcək və iqtisadiyyatın real sektorunun bəzi sahələrində işçi qüvvəsinin çatışmazlığı nəticəsində istehsalın azalması baş versə, pul emissiyası faciəvi nəticələnə bilər. Faktiki olaraq, xarici investorlar ABŞ-ın dövlət istiqrazlarından imtina etməklə, onları kütləvi satmaqla ABŞ-ın yeni prezidentin bir sıra heysiyyətli planlarının reallaşdırılmasına ciddi şəkildə mane olacaq. Və sonda: əgər Trampın dünyada yeni düşmənlər axtarması və qazanması siyasəti davam etsə, ABŞ-ın xarici borcu ilə bağlı vəziyyət, bəlkə də, tarixdə ən pis hala düşəcək. Bütün nüansları qırağa qoysaq belə, vəziyyət çox sadədir: borclu olduğun dövlətlə münasibətləri pozmaq pis nəticələr verə bilər...
889 dəfə oxundu