KİVDF saytlara pul ayıracaq - Şərtlər açıqlandı
“Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır”.
AzVision.az-ın məlumatına görə, bu barədə fondun icraçı direktoru Vüqar Səfərli Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı deyib. V.Səfərli qeyd edib ki, ötən və bu il bir çox qurumların büdcə vəsaitləri azaldılsa da KİVDF-yə ayrılan vəsait azaldılmayıb: “Hətta ötən il mətbuat günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon manat ayrıldı. Lakin elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq”.
V. Səfərli qeyd edib ki, elektron mediayaya ayrılacaq vəsait bütün portallara şamil edilməyəcək: “Hesab edirəm ki, bütün portalar bundan yararlana bilməyəcək. Çünki, bu gün xəbər portallarının əksəriyyəti bir-birindən köçürərək fəaliyyət göstərir. Belə olan halda, onlara nə ehtiyac var? Lakin elə saytlarımız da var ki, onlar bir neçə dildə fəaliyyət göstərir, həqiqətlərimizin dünyaya çatdırılmasında xidmətlərə malikdir. Təbii ki, ilk növbədə belə saytlar maliyyələşəcək. Hər gün saysız-hesabsız portallar yaranır. Elə adam var ki, onun 10-12 saytı var. Bu o demək deyil ki, dövlət onların hamısına dəstək göstərəcək. İlk növbədə xarici dildə yayımlanan saytlara dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək”.
1110 dəfə oxundu