MTN-in şöbə rəisi həbsxanada insult keçirdi

MTN-in şöbə rəisi həbsxanada insult keçirdi


Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb Səlim Məmmədovun vəkili Cavid Rzazadənin xəstə olduğu üçün məhkəməyə gəlməməsi olub.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a deyib ki, məhkəmə fevralın 20-də davam edəcək.

Vəkil deyib ki, Akif Çovdarov səhhəti ilə bağlı heç bir tədbir görülməməsini məhkəməyə bir daha xatırladıb. O, sabiq MTN zabitinin səhhətinin həbsxanada ağırlaşdığını deyib: "Dünən təcridxanada MTN-in əks-kəşfiyyat şöbəsinin rəisi Mirəziz Əsgərov insult ve ağır ürək çatışmamazlığı ilə gecəyarısı Müalicə Müəssisəsinə aparıldı. Halbuki o, dəfərlə müayinə və müalicə tələb edirdi. Ona heç bir ixtisaslı həkim-koordioloq tərəfindən yardım göstərilmədi. Məndə bu xəstəliklər var. Birinci İlqar (MTN polkovniki İlqar Əliyev həbsxanada intihar edib) getdi, indi də Mirəziz, növbə məndədir".

A.Çovdarov müraciətlərinə cavab verilmədiyindən də gileylənib: "İnsan nə qədər yazar ki, müayinə edin? Bütün yerlərə yazmışıq. Hakim deyir ki, mənlik deyil, idarə deyir mənlik deyil. Bəs kimlikdir?"

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...