Dünyamin Xəlilov ifadə verməkdən imtina etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Dünyamin Xəlilov və digərləri onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Dünyamin Xəlilova ifadə vermək təklif olunsa da, hazırkı mərhələdə ifadə vermək istəməyib.
"Bunları təşkil edən Dünyamin Xəlilov idi"
"Kondor Qrup" MMC-nin direktoru, təqsirləndirilən Mansur Zeynalov istintaqa verdiyi ifadəsini təsdiq edib: "2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə şirkətə təsisçi təyin olunmuşam. Bizə bildirmişdilər ki, bu normal prosedurdur, heç bir problem olmayacaq. Bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bir sözlə, formal şəxs olmuşam. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan "Kondor Qrup" şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu. Mənə dedilər ki, sən gəl, etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək, belə də etdim. Bir dəfə məni Vergilər Nazirliyinə çağırıb dedilər ki, şirkətlə bağlı cinayət işi açılıb. Orada da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə, formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, getmədim, imza atmaqdan imtina etdim. Buna görə də, şirkəti başqa adamın adına keçirdilər".
Təqsirləndirən şəxs bütün bunları D.Xəlilovun təşkil etdiyi deyib.
"İnter Tekstil" ASC-yə də Dünyamin Xəlilov rəhbərlik edirdi"
Təqsirləndirilən Şakir Musayev "İnter Tekstil" ASC-nin İdarə Heyətinin üzvü olduğunu, D.Xəlilovun göstərişi ilə kreditlərə qol çəkdiyini deyib: "Dünyamin Xəlilovu 2006-cı ildən tanıyıram. "İnter Tekstil" ASC-yə Dünyamin Xəlilov şəxsən rəhbərlik edib. İşçilərim Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankda kredit müqavilələrinə qol çəkiblər. Amma sonradan nə baş verib bilmirəm. Dedilər ki, pullar layihələrə xərclənib. Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın Mərkəzi filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiklərini bilmirdilər. İstintaqda bildim ki, pullar "Səbail Mebel" şirkətinə köçürülüb".
Dövlət ittihamçısının, tərəflərin suallarını cavablandıran Ş.Musayev tapşırıları D.Xəlilovdan aldığını deyib: "Tapşırığı ondan alırdıq, ona hesabat verirdik, rəhbərimiz olub. Deyirdi işçiləri göndər, mən də göndərirdim".
D.Xəlilov isə Ş.Musayevə heç bir tapşırıq vermədiyini deyib: "Mən sizə belə bir şey deməmişəm. Siz hardan bilirdiniz ki, o müəssisələr mənə məxsusdur?"
Ş.Musayev "Sizin tapşırıqlarınız əsasında bilirdim. Bütün göstərişləri sizdən almışam".
Təqsirləndirilən "General Construction"un ofisində yerləşən bütün şirkətlərin Dünyamin Xəlilova məxsus olduğunu məhkəmənin diqqətinə çatdırıb.
"Mənə dedi ki, maaşın 100 manat artırılacaq"
"Aqora" MMC-nin təsisçisi, təqsirləndirilən Fərhad Əmiraslanov deyib ki, 2005-ci ildən "General Construction" şirkətində departament rəhbəri işləyib: "2007-ci ildə Dünyamin müəllim dedi sənin adına şirkət açırıq, maaşını da 100 manat artırıram, razılaşdım. Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum".
"Adıma 10 milyon kredit götürülürdü"
"Səbail Mebel" şirkətinin direktoru Seyfulla Seyfullayev ifadəsində bildirib ki, Dünyamin Xəlilov adıçəkilən şirkətin səhmlərini alıb: "Zəng vurub dedi ki, Beynəlxalq Bankın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Adıma bir neçə dəfəyə 10 milyon dollar kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alqı-satqısını ləğv etdik. Nə imza atmışam, nə pul görmüşəm".
D.Xəlilov isə F.Əmiraslanova şəxsən tapşırıq vermədiyini deyib: "Mən sizə demişəm ki, gedin kredit götürün?" F.Əmiraslanov şəxsən D.Xəlilovla danışmadığını, onun adından başqa adamların tapşırıq verdiyini bildirib.
“Rəhbərlik deyib, mən də qol çəkmişəm”
Təqsirləndirilən Ruslan Əsgərov ifadəsində D.Xəlilovun işçisi olduğunu, onun göstərişi ilə adına şirkət açıldığını, deyilən sənədlərə qol çəkdiyini bildirib: "Dünyamin Xəlilov dedi ki, maaşına 100 manat əlavə olunacaq. Kredit müqavilələrinə qol çəkmişəm. Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim olmayıb. Rəhbərlik deyib, mən də qol çəkmişəm".
Təqsirləndirilən "Atəşgah" Dövlət Memarlıq Qoruğunun elmi işçisi Rauf Əliyev dostu Camal Həsənovu xahişi ilə "SportLayn" firmasında təsisçi kimi fəaliyyət göstərdiyini deyib:"Camal dedi ki, heç bir iş görməyəcəksən, sadəcə adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri elədim. Hərdən sənədlərə qol çəkirdim. Sonra bildim ki, 13 milyon adıma kredit var"
Məhkəmə prosesi martın 2-də davam edəcək.
1034 dəfə oxundu