İsrail İrana qarşı açıq siyasətə başlayır - Azərbaycanın maraqlarına təhlükə varmı...

İsrail İrana qarşı açıq siyasətə başlayır -


ABŞ müttəfiqlik təklifinə nə deyəcək? Ekspert: “Tramp nüvə anlaşmasının üstündən xətt çəksə, vəziyyət yenidən bölgənin əleyhinə dəyişəcək”

İsrail İrana qarşı son günlərdə açıq siyasətə keçib. Günlər öncə İran xalqına müraciəti yayılan İsrailin baş naziri Benyamin Netanyahu indi də rəsmi Tehranla bağlı ABŞ başda olmaqla, Qərb dövlətlərinə mesaj ünvanlayıb.

“İran yəhudi dövləti üçün böyük təhlükə mənbəyidir”. Axar.az xəbər verir ki, bunu İsraildəki xarici ölkə səfirləri qarşısında çıxışı zamanı Netanyahu söyləyib. O, ABŞ prezidenti Donald Trampın dövründə beynəlxalq ictimaiyyətin İrandan gələn təhdidlə bağlı susmayacağına inandığını bildirib. Qeyd edək ki, İsrail bundan öncə dəfələrlə ABŞ-ı İranla nüvə razılaşmasını ləğv etməyə çağırıb. Tel-Əvivin fikrincə, bu razılaşma İranın nüvə silahına çatmaq imkanlarını daha da artırır. Üstəlik, İran sanksiyaların ləğvi sayəsində gəlirlərini artırıb ki, bu da ona Yaxın Şərqdəki dayaqlarını gücləndirməyə şərait yaradıb.

Politoloq Elxan Şahinoğlu İsrailin Amerikaya müttəfiqlik təklif etdiyini bildirdi: “Netanyahu İranı yəhudi dövləti üçün böyük təhlükə mənbəyi sayaraq, Trampın İrandan gələn təhdidlərlə bağlı susmayacağını bildirib. Belə görünür ki, İsrail Amerika, xüsusilə, Qərbə İrana qarşı birgə müttəfiqlik təklif edir. Tramp seçkiqabağı vədlərinin yerinə yetirilməsiylə məşğuldur, ölkəsini Sakit Okean Ticarət İttifaqından çıxartdı, Meksika ilə divar tikintisinin anonsunu verdi. Tramp andiçmə mərasimində dediyi kimi, ilk öncə Amerikanı düşünür və onun addımları da buna köklənib. O, Barak Obamanın etdiklərinin üstündən xətt çəkir və onun fərmanlarını geri çevirir, hətta Fələstinə ayrılan pulun verilməyəcəyi bildirilib. Ancaq Tramp Obamanın uzun illər gərgin danışıqlar nəticəsində İranla nüvə razılaşmasının üstündən niyə xətt çəkəcəyi məsələsi müəmmalı qalır. Axı hazırda İran nüvə silahı hazırlamır.

Tramp İranla bağlı verdiyi vədi də yerinə yetirib Amerikanın nüvə razılaşmasındakı imzasını geri çəkərsə, bu dünyada və Avrasiya bölgəsində növbəti qorxunc durum yaradacaq. Netanyahu ölkəsinin maraqlarından çıxış edərək İrana qarşı sanksiyaların yenidən sərtləşdirilməsini istəyir, o Tehranın vədlərinə inanmır və İranın gələcəkdə nüvə silahına yiyələnəcəyini proqnozlaşdırır. O da bəllidir ki, Tramp Böyük Britaniya ilə yanaşı, İsraillə də sıx ittifaqı bərpa etmək istəyir. Obamanın dövründə İsrail hakimiyyətinə münasibət tənqidi idi, Ağ Ev sahibi Netanyahunu Vaşinqtonda görmək istəmirdi. Tramp isə əksinə, İsraillə münasibətləri yenidən üst səviyyəyə qaldırmaq istəyir, hətta səfirliyi Tel-Əvivdən Qüdsə köçürmək istəyir ki, bu da dünyada narahatlıq doğurur. Çünki Qüdsün bir hissəsi mübahisəlidir və gələcəkdə yaranacaq Fələstin dövlətinə verilməlidir. Əslində səfirliyin köçürülməsi qərarı ABŞ-ın keçmiş prezidenti Bill Klintonun vaxtında verilib, sadəcə heç bir prezident İsrail-Fələstin danışıqlarında tərəfsizliyə kölgə salmamaq üçün səfirliyi köçürməyə risk etməyib. Ancaq indi əgər Tramp bu vədini də yerinə yetirəcəksə, tək fələstinlilərin və İslam dünyasının deyil, tərəfdaş Avropa İttifaqının da narazılığına səbəb olacaq”.

Politoloq İran məsələsindəki Rusiya faktoruna da toxundu: “Putin Trampla yaxınlaşmaq istəyir. Ağ Evin yeni sahibi də beynəlxalq terrorçulara qarşı mübarizədə Kreml sahibi ilə əməkdaşlıq edəcəyini bildirib. Ancaq Tramp İranla nüvə anlaşmasının üstündən xətt çəkərsə, bu Moskvanın da ciddi narahatlığına səbəb olacaq. O zaman bu qərar Tehranı həqiqətən nüvə silahı əldə etməyə həvəsləndirə bilər. Bu isə bölgə ölkələrindən heç birinin, o cümlədən Rusiyanın maraqlarına cavab vermir. Digər tərəfdən, İrana qarşı raket zərbələri yenidən gündəmə gələcək ki, bu da beynəlxalq gündəmi yenidən məşğul edəcək. Halbuki, gündəm onsuz da ağırdır, İraq, Suriya və Liviya kimi ölkələrdə müharibələr gedir və beynəlxalq aləm hələ heç bu məsələləri həll edə bilmir. Netanyahu İran xalqına müraciətində deyir ki, o İran rejiminin əleyhinədir, İran xalqını isə dost adlandırır, hətta bu cür cümlələr işlədib: ”Siz iftixarlı bir tarixin sahibisiniz. Sizin zəngin mədəniyyətiniz var. Lakin təəssüflər olsun ki, bir dini istibdad vasitəsilə zəncirlənibsiniz. Arzu edirəm elə bir gün gəlsin ki, iranlılarla israillilər bir daha azad şəkildə Tehranda, İsfahanda və ya İyerusalim və Tel-Əvivdə bir-birləri ilə görüşə bilsinlər". Netanyahu faktiki İran xalqına göndərdiyi video müraciətdə iranlıları rejimə qarşı inqilaba çağırıb. Onun “İranda dəyişiklik təşnəsi olan cavan və igid iranlı tələbələrin 2009-cu ildə Tehran küçələrində gülləyə tuş gəlməsini unutmayacağam və heç vaxt gözəl Neda Ağa Sultanın küçə ortasında aldığı güllə nəticəsində verdiyi son nəfəslərini yaddan çıxarmayacağam” ifadəsi də bundan xəbər verir. Başqa sözlə, Netahyahu İran rejimi ilə xalqı arasında bərabərlik işarəsi qoymadığını bildirib. Bu Netanyahuya ona görə lazımdır ki, hakimiyyətdən narazı olan İran əhalisinin bir hissəsi rejimə qarşı daha fəal mübarizə aparsın. Netahyahunun müraciətindəki cümlələr isə ondan xəbər verir ki, o İranda baş verən bütün proseslərdən xəbərdardır. Sirr deyil ki, İsrail xəfiyyəsi hətta İranda da güclüdür. Təsadüfi deyil ki, İranda nüvə çalışmaları var gücü ilə davam edəndə bu işdə rol alan iranlı alimlər ard-ardına müəmmalı şəkildə evlərinin qarşısında qətlə yetirilirdilər".

E.Şahinoğlu İranla münasibətlərin kəskinləşməsinin ölkəmizə müsbət heç nə vəd etmədiyini də söylədi: “Nüvə məsələsi ilə bağlı Amerika ilə İran arasında münasibətlər gərgin olanda Tehrandan Azərbaycana ciddi təhdidlər var idi. Tehranda bəziləri deyirdi və yazırdı ki, guya Amerika və İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edəcək, hətta Amerikanın və İsrailin hərbi təyyarələrinin artıq Azərbaycandakı bazalarda yerləşdirilməsinə dair yalan xəbərlər də yayılırdı. Halbuki, bu bizim maraqlara cavab vermirdi, indi də vermir. Dəfələrlə Azərbaycan rəsmiləri iranlı həmkarlarının sakitləşdirməyə çalışsalar da, Tehran buna inanmırdı. Aydın idi ki, Amerika və İsrail həqiqətən İrana zərbələr endirərsə, Azərbaycan ciddi humanitar böhranla üz-üzə qala bilərdi, çünki on minlərlə İran vətəndaşı Arazın bu tayına keçəcəkdi. Hazırda nüvə məsələsi gündəmdə deyil, Azərbaycanla İran arasında ortaq layihələr reallaşır, müəssisələr tikilir. Ancaq Tramp nüvə anlaşmasının üstündən xətt çəkərsə, vəziyyət yenidən bizim və bölgənin əleyhinə dəyişəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1095 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...