Deputatdan nazirə SƏRT SÖZLƏR: “Onun ermənilərlə qan qohumluğu var və…”

Deputatdan nazirə SƏRT SÖZLƏR:


Milli Məclisinin Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi son fikirlərinə münasibət bildirib.

Turkustan.info bildirir ki, E.Məmmədov publika.az-a açıqlamasında deyib ki, Sergey Lavrov öz fikirləri ilə Çar Rusiyası, Sovet İmperiyası və indiki Rusiya Federasiyasının xarici siyasətində mövcud olan işğalçılıq və müstəmləkəçilik xəttini bir daha təsdiq edir: “Eyni zamanda Sergey Lavrov Cənubi Qafqaz ölkələrini tarixən rusun işğal etdiyini etiraf edir. Bu torpaqlar əvvəllər Rus-İran müharibələri dövründə işğal olunub”.


Deputat qeyd edib ki, Sovet İttifaqı qurulduqdan sonra Azərbaycanın tarixi torpaqlarını 4-5 yerə parçalayıblar:
“Bir hissəsi Cənubi Azərbaycan olaraq qalıb, bir hissəsini özlərinə götürüblər, bir payını gürcülərə, bir payını isə ermənilərə veriblər. Lavrov öz fikirləri ilə etiraf edir ki, hətta tarixin yeni dövründə – 20-ci əsrin sonlarında Azərbaycan torpaqlarının daha bir hissəsi Rusiya tərəfindən yenidən ermənilərə bağışlanıb. Sergey Lavrov istəyir ki, bu bağışlanma ömürlük olsun. Yəni, Dağlıq Qarabağ birdəfəlik olaraq ermənilərə verilsin. Bu işğalı rəsmiləşdirmçək üçün Lavrovun təmsil olunduğu Rusiya 25 ildən çoxdur ki, hər cür oyundan çıxır. Sergey Lavrovun Dağlıq Qarabağla bağlı verdiyi son açıqlamaları da bunu təsdiq edib”.

E.Məmmədov bildirib ki, təkcə Lavrovlara qalsa, onlar çox fikirlər deyə bilər: “Əslində mən Sergey Lavrovu o qədər də qınamıram. Burada təəccüblü nə isə yoxdur. Çünki Sergey Lavrovun ermənilərlə qan qohumluğu var. Baxmayaraq ki, Rusiya, Fransa, ABŞ və bir sıra beynəlxalq təşkilatlar erməni maraqlarını düşünürlər. Amma bu torpaqların sahibi olan Azərbaycan xalqı və onun Prezidenti cənab İlham Əliyev görün nə fikirləşir? Prezidentimiz onu seçən xalqın iradəsini ifadə edərək, bəyan edir ki, biz bir qarış da olsun torpağımızı heç kəsə güzəştə getməyəcəyik. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Sadəcə olaraq biz istəyirik ki, Azərbaycan beynəlxalq təşkilatların köməyi ilə problem sülh yolu nizama salsın”.
YAP-çı deputat bəyan edib ki, Ermənistan sülh istəmədiyi təqdirdə və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəsmiləri bu cür sərsəm bəyanatlar verəndən sonra artıq müharibənin başlaması qaçılmaz olacaq:

“Biz buna dözə bilmərik. Artıq Azərbaycan 1990-cu illərdə olan ölkə deyil. Bu gün güclü Azərbaycan dövləti və onun ordusu var. Torpaqlarımızın azad olunması üçün də gücü Azərbaycan əsgərləri öz sözünü deyəcək. Bununla da torpaqlarımız hərbi yolla işğalçılardan azad olunacaq. Bəzən xarici dövlətlər Azərbaycana təzyiq göstərərək deyirlər ki, siz Ermənistan ilə müharibə etməyin, çünki bizim onlarla müqavilələrimiz var. Ancaq bizim Ermənistan ilə işimiz yoxdur. Biz Ermənistana qarşı müharibə etmirik. Biz 25 ildən çoxdur ki, torpaqlarımızda kök salan cinayətkar separatçı qurum və onun quldur dəstələrinə qarşı mübarizə aparırıq, ərazilərimizi bu terrorçulardan təmizləyirik. Əgər bizim ərazilərdə digər ölkələrin də silahlı qüvvələri və quldur dəstələri varsa, təbii ki, biz onları da torpaqlarımızdan çıxaracağıq. Biz ərazilərimizdə Daxili Qoşunların köməyi ilə anti-terror əməliyyatları keçirəcəyik. Əgər Daxili Qoşunların gücü kifayət etməsə, Azərbaycan ordusunu da əməliyyatlara cəlb edəcəyik. Necə ki, bunu indi Rusiya, qardaş Türkiyə və digər dövlətlər həyata keçirirlər. Bu, BMT-nin Nizamnaməsinə də tam uyğundur. Yoxsa ki, bizim başqa dövlətlərlə müharibə etmək işimiz yoxdur. Biz bu əməliyyatları gec-tez edib, torpaqlarımızı erməni separatçılarından geri qaytaracağıq. Buna da Azərbaycanı həmin həmsədr dövlətlər və onları himayə edən bir sıra beynəlxalq təşkilatlar təhrik edəcəklər”.

E.Məmmədov deyib ki, bəzi beynəlxalq təşkilatlar üçün Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həlli ən asan məsələdir: “Sadəcə olaraq, həmin təşkilatlar və dövlətlər istəmirlər ki, münaqişə həll olunsun. Onlar işğalçının tərəfini saxlayırlar, ona himayədarlıq edirlər. O zaman həmin təşkilatlar məcbur və təhrik edir ki, Azərbaycan müharibəyə başlasın və güc tətbiq etməklə torpaqlarını işğaldan azad etsin. Burada da bütün məsuliyyət işğalçının və onun havadarlarının üzərinə düşəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...