Mədəniyyət və Turizm Nazirliyindən etiraz Ermənistanın təxribatı ilə bağlı
Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın təxribatı ilə bağlı “Fitur-2017” turizm sərgisinin təşkilatçılarına etiraz məktubu göndərib.
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.
Şöbə müdiri qeyd edib ki, il ərzində mədəniyyət və turizm mövzusunda olan beynəlxalq tədbirlərdə erməni tərəfi təxribatlara əl atıb: “Mütəmadi olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.
Nazirlik rəsmisi bildirib ki, Beynəlxalq Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var.
Qeyd edək ki, Madriddə keçirilən ənənəvi “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimin təbliği məqsədilə stend nümayiş etdirir.
938 dəfə oxundu