“Sevinc gələndən sonra qiyməti 80 minə saldılar” – Akif Çovdarovun məhkəməsi
Bu gün Sabuncu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində Neman Kərimov ifadə verib.
Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsində kiçik inspektor vəzifəsində işləyən Neman Kərimov deyib ki, 2009-cu ildə dayısı oğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə “Elit” otelinə istirahətə gediblər.
Tanımadığı şəxslər otelə gələrək özlərini MTN əməkdaşı kimi təqdim edib və dayısı oğlu ilə birlikdə onları nazirliyə aparıblar.
MTN-ə aparan şəxsin Vüqar Muxtarov olduğunu deyən zərərçəkmiş nazirlikdə polkovnik Səlim Məmmədov və Elçin Çıraqovun da oraya gəldiklərini söyləyib.
Zərərçəkmiş Elçin Çıraqovu Nərimanov Rayon Polis İdarəsində işləyərkən tanıdığını deyib: “MTN-nin Nərimanov rayon idarəsi və polis eyni binada yerləşirdi. Elçin Çıraqovla tez-tez qarşılaşırdım. Səlim Məmmədovu isə 2006-cı ildə Elçinin oğlunun ad günündə iştirak edərkən tanıdım.
Səlim MTN-də mənə: “Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz” dedi. Səlimdən bu sözün mənasını soruşdum, gülərək "sənə ürəyim yanır deyə səni xəbərdar etdim” dedi”.
MTN-ə çağırılma səbəbi haqda danışan Neman Kərimov bunları deyib: “Səlim Məmmədov söylədi ki, Sevinc Məmmədova şikayət ərizəsi yazıb, ona 30 min manat borcun olduğunu deyib. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanımışam. Elşad Abdullayevlə də tanışlığım olub. Həqiqətən də Sevincdən 30 min manat borc almışdım. Nə səbəbə aldığını isə hazırda xatırlamıram.
Sabiq prokuror Mirələkbər Seyidov o vaxt məni otağına çağırdı. Sevinc məndən şifahi şikayət etmişdi. Mirələkbər Seyidov mənim yanında Sevincə 10 min verdi ki, məndən şikayət etməsin. Sevincə cəmi 20 min manat borcum qaldı. MTN-də bu haqda soruşanda Səlim Məmmədov belindən "Makarov" tipli tapançanı çıxarıb mənə verdi ki, saxla. Lakin əlimi silaha vurmadım. Səlim və Elçin 250 min verməsəm, silah və narkotiklə məni yükləyib həbs edəcəklərini dedilər.
Sonra Sevinc gəldi. Ondan borc aldığımı təsdiqlədim. Qiyməti 80 minə saldılar. 30 mini Sevincə, 50 mini onlara verməyimi istədilər”.
Neman Kərimov ifadəsində qeyd edib ki, dayısı Zakir Mövsümovdan 80 min alaraq onlara verib və nazirlikdən çıxıb.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, zərərçəkmiş məhkəmədə sərbəst şəkildə geniş ifadə verib. Neman Kərimovun məhkəmədə dedikləri ilə istintaqa dedikləri arasında ziddiyyətlər olduğunu bildirən vəkil fasilədən sonra zərərçəkmişə suallar veriləcəyini deyib: “Ziddiyyətlərdən biri budur ki, Kərimov istintaqda Akif Çovdarovun adını çəkməyib. Amma məhkəmədə fərqli şəkildə danışıb və MTN-ə çağırılmasından Çovdarovun xəbərinin olduğunu, generalla görüşdüyünü deyib. Fasilədən sonra zərərçəkmişin istintaqa ifadəsinin elan olunmasını tələb edəcəyik. Bundan sonra ziddiyyətlərlə bağlı suallar veriləcək”.
Proses günün ikinci yarısında davam edəcək.
1103 dəfə oxundu