Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplandı - FOTOLAR

Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplandı -


Terrorçuluq və ekstremizm, aqressiv separatçılıq və mütəşəkkil cinayətkarlıq kimi müasir çağırışlara və təhlükələrə qarşı mübarizə məsələləri üzrə yalnız birgə səylərlə, fəaliyyətin əlaqələndirilməsi vasitəsilə, təcrübə və informasiya mübadiləsi ilə dövlətlərin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi işində səmərəli nəticələr əldə etmək mümkündür.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında deyib.

M.Quliyev bildirib: “Bizim Minskdəki iclasdan, eləcə də bu ilin iyulunda Sankt-Peterburqda xarici dövlətlərin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin 15-ci iclasından nisbətən az vaxt keçib. Bu müddət ərzində dünyada və bizim ölkələrdə əməliyyat şəraitinin xarakterinə müəyyən təsir göstərmiş hadisələr baş verib, birgə müzakirə və həll üzrə ümumi yanaşmaların hazırlanmasını tələb edən çağırış və təhdidlərin yeni elementləri aşkar olunub”.

DTX rəisi qeyd edib ki, bugünkü iclasın çıxışlarının mövzusu MDB məkanında terrorçuluq və dini ekstremizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daxil olmaqla təhlükəsizliyin təmin edilməsi problemlərinin geniş spektrini əhatə edəcək. M.Quliyev ümidvar olduğunu bildirib ki, gündəlikdəki məsələlər forum iştirakçılarına onlar üçün qarşılıqlı tərəfdaşlığın ən mühüm məsələləri barədə fikirlərini bildirməyə və münasibətlərin gələcək inkişaf yollarını müzakirə etməyə imkan verəcək.

Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurası çərçivəsində birgə görüşlərin keçirilməsi müxtəlif təhdidlərin xəbərdar edilməsi və qarşısının alınması üzrə operativ iş vərdişlərinin səmərəli təkmilləşdirilməsinə və dövlətlərin xüsusi xidmət orqanlarının səylərinin gələcəkdə sıx birləşməsinə xidmət edir.

M.Quliyev ümid etdiyini bildirib ki, iclas ümumi təhlükəsizliyin təmin olunması problemləri üzrə çoxtərəfli və ikitərəfli səviyyədə qarşılıqlı fəaliyyətə əlavə təkan verəcək, tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və sıx işgüzar əlaqələrin qurulmasına, qarşılıqlı sərfəli əməkdaşlığın inkişafına xidmət edəcək.

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından Bakıda iclas iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Onun sözlərinə görə, təqribən iyirmi il ərzində Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının formatında keçirilən görüşlər xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid olan mühüm məsələləri müzakirə etmək üçün səmərəli beynəlxalq meydançalardan biridir.

F.Ələsgərov deyib ki, bugünkü iclas, şübhəsiz ki, MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi işində səylərin gələcəkdə birləşdirilməsinə xidmət edəcək: “Sevindirici haldır ki, bu görüşdə MDB xüsusi xidmət orqanları ilə yanaşı, tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndələri də iştirak edirlər. Bu fakt sülhə və sabitliyə yönəlmiş təhdidlərin qarşısının alınmasında çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə səyləri əyani şəkildə nümayiş etdirir".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan burada təmsil olunan bütün dövlətlər kimi, təhlükəsizliyin möhkəmlənməsinə və risklərin minimuma endirilməsinə böyük diqqət yetirir: “Sabitlik, təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara təhdidlərin vaxtında aşkarlanması və qarşısının alınması istənilən dövlətin mövcudluğunun, müstəqilliyinin və uğurlu inkişafının əsasını təşkil edir".

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün terrorçuluq, dini ekstremizm və aqressiv separatçılıq beynəlxalq təhlükəsizliyə əsas təhdid olaraq qalır. F.Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirərək bildirib ki, son vaxtlar təəssüf ki, dinlərarası və etniklərlararası zəmində gərginlik artır.

Onun sözlərinə görə, beynəlxalq birliyin səylərinə baxmayaraq, bu təhlükənin səviyyəsi azalmır, vəziyyət mürəkkəb olaraq qalır: “Xüsusilə "İslam dövləti" qruplaşmasının terror fəaliyyəti ilə bağlı qondarma cihad ideologiyasının yayılması arealı narahat etməyə bilməz. MDB ölkələrində radikal dini ideologiyanın yayılması təhlükəsi və "İslam dövləti" terror strukturları ilə affilasiya olunmuş gizli şəbəkələrin formalaşdırılması bütün tərəfdaşlıq xidmətlərinin əməkdaşlığının möhkəmləndirilməsinin zəruriliyini şərtləndirir. Belə qarşılıqlı əlaqənin verdiyi bütün imkanlardan tam istifadə etmək vacibdir”.

F.Ələsgərov vurğulayıb ki, ötən illər ərzində Azərbaycanda terrorçuluğa, dini ekstremizm və milli təhlükəsizliyin digər təhdidlərinə qarşı mübarizədə xeyli təcrübə qazanılıb. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi prosesi daim aparılır.

Onun sözlərinə görə, artıq hüququn tətbiqi sahəsində ciddi nəticələr əldə olunub: "Bu yaxınlarda bizim xüsusi xidmət orqanları bir sıra təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması üzrə bir sıra uğurlu əməliyyatlar keçiriblər. Biz hesab edirik ki, səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq münasibətləri xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin həllində ciddi nəticələrə nail olmaq üçün mühüm zəmin yaradan vacib alətlərdən biridir".

F.Ələsgərov ümidvar olduğunu bildirib ki, iclasda qəbul ediləcək qərarlar MDB ölkələrində təhlükəsizliyin daha da möhkəmlənməsinə xidmət edəcək. 41-ci iclasa müşahidəçilər qismində Avropanın bəzi xüsusi xidmət orqanlarının nümayəndələri dəvət edilib. Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. (Trend)


Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplandı -
Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplandı -
Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplandı -
Xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...