"Referendumu 53 min müşahidəçi izləyəcək" - Məzahir Pənahov
"Referendumu izləmək üçün müşahidəçilərin ümumi sayı 53 minə yaxındır. Seçkilərdə 5627 seçki məntəqəsi olacaq. Bir seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, 5 nəfər də müşahidə aparsa, bu, şəffaflığın təmin edilməsi üçün yüksək göstəricidir”.
AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib. Belə ki, həmin şəxslər təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri, parlamentarilərdir.
MSK sədri əlavə edib ki, müşahidə aparmaq istəyən yerli vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir: “Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həm də qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir”. O, referendumda seçicilərin sərbəst səs verməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.
745 dəfə oxundu