Mətanətin adı adam oğurluğunda: Onun Akif Çovdarovun məhkəməsində ifadə verəcəyi iddia olunur - QALMAQAL
Müğənninin mətbuat katibi Zəminə Rüstəmova: “Mətanət İsgəndərli Çovdarovu tanımır, çaşıb qalıb”. Mətbuatda müğənni Mətanət İsgəndərlinin sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə məlumat yayılıb. Politika.az saytının yaydığı məlumata görə, buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb etməsidir.
Eyni zamanda, Mahir Abdullayevin oğurlanmasının təşkilində Mətanət İsgəndərlinin rolunun olduğu da iddia edilir. Vaxtilə bu ittihamları Mahir Abdullayevin qardaşı Elşad Abdullayev öz açıqlamalarında səsləndirib. Onun iddialarına görə, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu qalıb. Və Mətanət İsgəndərli A.Çovdarovla əlbir olub.
E.Abdullayevin açıqlamasına görə, A.Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərliylə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir. E.Abdullayev yuxarıda sadalanların müqabilində qardaşının bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını vurğulayıb: “Nəhayət, Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq, 13 oktyabr 2003-cü ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə oğurlatdırıb”.
E.Abdullayev öz açıqlamasında qardaşının oğurlanmasında iştirakçı kimi milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfərovun, Rövşanə və digər şəxslərin adlarını da çəkib. Sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Ona görə də, A.Çovdarovun məhkəməsində müğənni Mətanət İsgəndərlinin iştirak edə biləcəyi istisna edilmir.
Musavat.com mətbuatda yer alan bu iddialarla bağlı müğənni Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Neçə gündür ki, Mətanət xanım barədə bu cür xəbərlər yayılır. Özüm bu barədə şəxsən dəfələrlə Mətanət xanımla danışmışam. O, deyir ki, mətbuata bu haqda açıqlama verməyəcək, olmayan hadisə haqda danışmaq istəmir. Mənə bildirdi ki, yayılan məlumatlar əsassızdır. O, Akif Çovdarovu tanımır, onunla heç bir əlaqəsi olmayıb, bu cür xəbərlərin necə yayıldığını, kimdən qaynaqlandığını bilmir. Özü də çaşıb, qalıb. Akif Çovdarov məsələsində Mətanət xanımın adı hallansa idi, ona məhkəmədən kağız gələrdi. Hazırda belə bir durum yoxdur. Mətanət xanım əməkdar artistdir, xalqın sənətçisidir. Onun adını ləkələmək doğru deyil. Özü də mənə dedi ki, jurnalistlərə bildirim ki, yalan kampaniyalara qoşulmasınlar. Bu xəbərlər Mətanət xanıma zərbə vurmaq istəyənlərin işidir. Bir daha deyirəm ki, onun A.Çovdarovla əlaqəsi yoxdur”.
Qeyd edək ki, bir müddət öncə aşıq Telli Borçalının da adı sabiq MTN generalı Akif Çovdarovla yanaşı hallanıb. Mətbuatda yayılan məlumatlara görə, Gürcüstanda yaşayan 100-dən artıq azərbaycanlı ziyalı hazırda həbsdə olan generalın müdafiəsinə qalxıb. Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər Akif Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara etdiyi yaxşılıqlardan söz açıblar. Və bildiriblər ki, onların problemləri onun müdaxiləsindən sonra həllini tapıb. Həmin müraciətə imza atanların siyahısında aşıq Tellinin adı olmasa da, onun da A.Çovdarovu dəstəkləyənlərin sırasında olduğu iddia edilirdi.
838 dəfə oxundu