Ermənistanın keçmiş baş kəşfiyyatçısı parlamentdə yenə dindirilib
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəisi Arşak Karapetyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı parlament komissiyasında dindirilib.
“Report” Ermənistan Kİv-inə istinadən xəbər verir ki, o. həmin tarixdə bu idarəyə rəhbərlik edib.
A.Karapetyan 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri təyin olunub. Bildirilib ki, A.Karapetyan parlamentin aprel döyüşləri üzrə komissiyasındakı dinləmələrə ikinci dəfədir dəvət edilib. Birinci dəfə onu 2019-cu ilin oktyabrında çağırıblar. Onda Karapetyan iclasdan sonra jurnalistlərə açıqlama verməkdən imtina etmişdi. Bu dəfə isə bildirib ki, əlavə suallara cavab verməli olub. Karapetyan detalları danışmaqdan imtina edərək bildirib: “Kəşfiyyatımızın əvvəlcədən xəbərdar olmasını bilmək Azərbaycan üçün vacibdir”.
Komissiyanın sədri Andranik Koçaryanın sözlərinə görə, qurum işini iyunun 4-də başa çatdıracaq. Sentyabrda isə əhatəli məruzənin dövlət sirri olmayan hissəsi təqdim ediləcək.
Qeyd edək ki, bu komissiya 2019-cu ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırığı əsasında hazırlanıb. Məqsəd Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarında 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətini araşdırmaqdır. Əvvəlcə komissiya 6 ay müddətinə yaradılmışdı. Sonradan onun fəaliyyət müddəti daha 6 ay uzadılıb. Komissiyanın iclası qapalı keçirilir. İndiyədək komissiyada Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, sabiq müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəsis Artak Davtyan və başqaları dindirilib.
605 dəfə oxundu