Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH

Anjey Kasprşik –
Vaxtı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, Minsk qrupu və həmsədrlər kimi qurumlar var idi.

Azərbaycanın 2020-ci il sentyabrın 27-dən - noyabrın 9-dək torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə onların da mövcudluğu tarixə göndərildi. Ancaq nə qədər qəribə də olsa ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik hələ də bu vəzifəni tutur.

ATƏT qaydalarına əsasən, onun istənilən bölməsində bir nəfər 10 ildən artıq işləyə bilməz. Yəni bir əməkdaşın bu qurumdan 10 il əməkhaqqı almaq hüququ var. Sonra həmin şəxs, hər hansı bir fenomenal göstəriciləri olsa belə qurumdan uzaqlaşdırılır. Bu, bir sıra neqativ halların qarşısını almağa hesablanıb.

Ancaq Anjey Kasprşik bu vəzifəyə 1995-ci il avqustun 10-da təyin edilib. Bundan əvvəl o, Polşanın Kuba və Zimbabvedə səfir vəzifələrində çalışıb.

Üç ildən artıqdır ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin və Minsk qrupunun yaxından və uzaqdan iştirakı olmadan Azərbaycan ərazisindəki münaqişəni həll edib.

İşğal dövründə xüsusi nümayəndənin əsas vəzifəsi qoşunların təmas xəttində atəşkəsə əməl edilməsinə nəzarət etmək olub. Çünki 1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında Qırğızıstanın paytaxtı Bişkekdə atəşkəsə dair protokol imzalandıqdan sonra bu rejimə əməl edilməsi beynəlxalq səviyyədə müşahidə edilirdi. Bu proses Anjey Kasprşikin başçılığı ilə reallaşırdı. Təbii ki onun həyata keçməsi səviyyəsi 1994-cü ildən 2020-ci il sentyabrın 27-dək baş verən hadisələrdə özünü göstərib.

Yəni, ATƏT-in daxili qaydası Anjey Kasprşikin işdə qalması ilə bağlı iki dəfə pozulub. Həmin prosedura əsasən, 2005-ci ildə o tutduğu vəzifədən azad edilməli idi. Ancaq buna baxmayaraq onun səlahiyyət müddəti daha 15 il uzadılıb. Məlum qaydanı pozmamaq üçün Kasprişiki sonrakı dövrdə sədrin xüsusi nümayəndəsi olaraq seçiblər. Əslində bu da qaydalara zidd sayılır. Çünki bu vəzifəyə əməkdaş təyin olunur.


Deməli, polşalı səfir 19 ildir qanunsuz olaraq ATƏT-in büdcəsindən əməkhaqqı alır.

Qeyd edək ki, Azərbaycan da qurumun üzvüdür. Təşkilatın 2018-ci ildə büdcəsi 141 milyon avro olub. Onun 60 faizini ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Almaniya təmin edir. Hesabat ilində Azərbaycan bu təşkilata hər il 45 min avro üzvlük haqqı ödəyib. Belə qənaətə gəlmək olar ki, Anjey Kasprişikin işi əməkhaqqı almaq, ən ağır işi isə əməkhaqqı cədvəlini imzalamaqdır. Ümumiyyətlə demək olar ki, Kasprşik üç ildən artıqdır görmədiyi iş üçün pul alır, çünki 2020-ci ilin noyabrından sonra təmas xətti ləğv edilib.

Bir məsələyə diqqət etmək istərdik. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədyanı bölgədə Fransanın təşəbbüsü ilə Avropa İttifaqının mülki müşahidə missiyası adı altında 200-dən çox hərbçi yerləşdirilib.


ATƏT və onun qurumları daha məhsuldar, ədalətli fəaliyyət göstərsə idi, o zaman Fransanın bölgəyə qərəzli müdaxiləsinə ehtiyac qalmazdı. Onda Anjey Kasprşik də fəaliyyətini yeni missiya ilə davam etdirə bilərdi. Bu halda ATƏT qəbul etdiyi fəaliyyət nizamnaməsinə də əməl etmiş sayıla bilərdi.

Təşkilat quruma üzv ölkələrə qanun və qaydalara əməl edilməsi ilə bağlı müxtəlif səviyyələrdə tövsiyələr verir. Bir sıra hallarda qanun pozuntularına görə, ölkələrə etiraz edir. Ancaq olmayan bir münaqişəyə görə polşalı diplomatın əməkhaqqı alması ATƏT-in büdcəsinin məqsədə uyğun xərclənməməsi və dağıdılması anlamına gəlir.

Bu onu da isbatlayır ki, başqa ölkələrə məsləhət verib, barəsində qərəzli rəy formalaşdıran neçə-neçə mənasız beynəlxalq qurumlar var. Anjey Kasprişik də ATƏT-in fəaliyyətsizliyinin göstərici sayıla bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...