Azərbaycanda qan donorlarının sayı 3 dəfədən çox artıb

Azərbaycanda qan donorlarının sayı 3 dəfədən çox artıb

Azərbaycanda son 10 il ərzində qan donorlarının sayı 3 dəfədən çox artıb. Trend-in məlumatına görə, Azərbaycan Gənc Qan Donorlarının II Forumunda çıxış edən Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib.

O bildirib ki, bu günə qədər qanvermə aksiyalarında iştirak edən donorların hamısı könüllülər olub və öz qanlarını təmənnasız olaraq veriblər.

P.Hacıyeva qeyd edib ki, 2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər olub. Donorların sayının artması ilə bağlı olaraq tədarük edən qan və qan komponentlərinin miqdarı artıb. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litrə yüksəlib. Ümumilikdə keçən ildə Mərkəzi Qan Bankına 41 606 nəfər donorluq edərək qan verib ki, bu qanların 35 faizi, yəni 14 556 vahid eritrosit kütləsi və 104 vahid plazma talassemiyalı xəstələrə köçürülmək üçün istifadə edilib. Mərkəzi Qan Bankının müdiri deyib ki, bu gün donorların qeydiyyatının qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir.

Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.

Azərbaycanda ilk qan köçürülməsi və bu baxımdan qan donorluğunun 76 illik tarixə malik olduğunu xatırladan P.Hacıyeva əlavə edib ki, ölkədə ilk dəfə 1927-ci ildə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə uğurla qan köçürülüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...