İngiltərə məhkəməsi Eldar Mahmudovun ailəsinin iddiasını rədd etdi – DETALLAR

İngiltərə məhkəməsi Eldar Mahmudovun ailəsinin iddiasını rədd etdi –

İngiltərə və Uelsin Ali Məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun övladlarının İspaniyanın beş nəşrinə qarşı qaldırdığı böhtan iddiasını rədd edib.

Bizim.Media İspaniyanın “El Periodico” nəşrinə istinadən xəbər verir ki, Eldar Mahmudovun övladları Anar və Nərgiz “Prensa Iberica” media qrupuna məxsus nəşrlərdə 2020-ci ilin may ayında dərc olunmuş məqalədən məhkəməyə şikayət veriblər.

Həmin məqalələrdə keçmiş MTN rəhbərinin biznes imperiyası və ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburq və Litvada olan daşınmaz əmlaklarından bəhs edilirdi.

Maraqlıdır ki, İspan mediasına qarşı iddia Britaniya məhkəməsində qaldırılıb, çünki iddiaçıların fikrincə, Pireney adalarında dərc olunan məqalələr onların Böyük Britaniyadakı maraqlarına xələl gətirir.

Mənbə yazır ki, Anar və Nərgiz Mahmudovlarınn şikayəti informasiya azadlığını təhdid edən təhlükəli presedent yarada bilər. Çünki iddiaçılar aid olduqları yurisdiksiyadan kənar medianı məhkəməyə veriblər.

Yəni, onlar İspaniya ədalətinə deyil, Britaniya ədalətinə üz tutublar. Və bu, Prensa İberikanı xarici qanunvericilik çərçivəsində və İspaniya məhkəmələrindən qat-qat baha qiymətə müdafiə olunmağa məcbur edib.

Nəticədə, London məhkəməsi Mahmudovların məqalənin onların Böyük Britaniyadakı maraqlarına real ziyan vurduğunu sübut edə bilməyəcəyini nəzərə alaraq iddianı rədd etmək qərarına gəlib. Məhkəmə hesab edib ki, iddiaçılar "ağırlıq mərkəzinin" Birləşmiş Krallıqda olduğunu nümayiş etdirə bilmədilər, çünki onların öz sözləri ilə desək, İspaniyada əhəmiyyətli biznes maraqları var.

İspaniyada “El Periodico”dan əlavə “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də Mahmudovların vəziyyəti haqqında məqalə dərc olunub. Onların barəsində də şikayət ərizəsi verilib.
Eyni zamanda İngiltərənin “The Observer” nəşri və “Prensa Iberica” qəzetləri ilə birlikdə Kayman Milli Bankından sızan sənədlərdən istifadə edərək material üzərində araşdırma aparan “Finance Uncovered” və “Organized Crime” and “Corruption Reporting Project” kimi təşkilatların adı da iddiada qeyd olunub.

Qeyd edək ki, şikayətə səbəb olan ötənilki məqalədə, Mahmudovlar ailəsinin dəyəri 100 milyon avronu keçən imperiyasından bəhs edilirdi.

Anar və Nərgiz yalnız İspaniyanın Mayorka şəhərində 33 milyon avrodan çox dəyəri olan aktivlər əldə ediblər. Onların, Mayorkada binalara, şirkətlərə, otellərə, mağazalara və mənzillərə sahib olduqları bildirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...