Gömrükdə “ilişib” qalan bağlamalar: Komitə deyir “bizlik deyil…”

Gömrükdə “ilişib” qalan bağlamalar:

Hazırda ölkədə fəaliyyət göstərən bir çox daşıma şirkətləri var. Amma kəmiyyətcə çox olsa da keyfiyyət məsələsində müştəriləri xidmət səviyyəsi ilə razı sala bilən çox az daşıma şirkəti var.

Uzun zamandır xaricdən poçt göndərişlərinin ölkəyə daxil olduqdan sonrakı gecikməsi ilə bağlı vəziyyət eyni olaraq qalır. Əvvəllər Türkiyədən sifarişlər zamanı ən geci 1 həftəyə Bakıya çatdırılan məhsullar indi az qala 1 ay həddində çatdırılır.

Daşıma şirkətləri yubanmaları gömrükdə olan sıxlıqla əlaqələndirir. Bəs vəziyyət reallıqda necədir?

“Yeni Sabah” xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov deyib ki, daşıyıcı şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən bağlamaların gömrük nəzarəti prosesi 2-3 saat, maksimum 1 gün ərzində başa çatdırılır. Yubanmalara səbəb isə daşıyıcı şirkətlərin praktiki iş prosesini düzgün qurmamasıdır.

“Belə ki, xüsusilə ilin son aylarında bayram və kütləvi endirimlər səbəbindən sifarişlərin sayı artır və nəticədə daşıyıcı şirkətlər bəzən bir neçə dəfə artan yük həcminin idarə edilməsi, yəni anbarlaşdırılması, çeşidlənməsi və bağlamalar barədə məlumatların sistemə daxil edilməsində çətinliklərlə qarşılaşır.

Buna səbəb isə həmin şirkətlərin anbar ərazisini, işçi və rəflərin sayını artan yük həcminə mütənasib olaraq artırmamasıdır’’.

Natiq Axundov deyir ki, gecikmələrə digər bir səbəb isə gömrük nəzarəti başa çatan malların daşıyıcı şirkətlərin yerli anbarlarında yerləşdirməsi ilə bağlıdır. “Bu anbarlarda bağlamalar üzərlərindəki QR kodlarının anbarlardakı rəflərin barkodlarına oxutdurulması ilə sistemə daxil edilir.

Lakin rəflərində yer olmayan daşıyıcı şirkətlər bu prosesi həyata keçirə bilmədiyindən bağlamalar “Bakı ofisindədir” statusundan bir əvvəlki statusla, yəni “gömrük yoxlanışındadır” status ilə görünür. Halbuki gömrük nəzarəti başa çatdırılaraq bağlamalar daşıyıcı şirkətə təhvil verilib.

Səbəblərdən biri də daşıyıcı şirkətlərin qanunvericilikdə müəyyən olunan dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatan mal partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf etməsidir.

Nəticədə saxlanılamalı bağlamanın bütün yük partiyasından ayırılması əlavə vaxt sərfiyyatına səbəb olur və gecikmələr baş verir’’.

Gömrük rəsmisi onu da qeyd etdi ki, yeni “smart customs” layihəsi ödənişləri əvvəlcədən ödəməyə imkan verdiyi üçün sözügedən ayırma prosesinə bu qədər vaxt sərf olunması problem demək olar ki, aradan qalxır.

Digər iki səbəbdən qaynaqlanan gecikmələrlə bağlı isə daşıyıcı şirkətlər logistik problemlərini həll etməli, biznes prosesinə yenidən baxmalı həmçinin mövcud resurs və imkanlarını artırmalıdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...