Mirələmovun adını dərsliklərə salıblar - Sərt irad

 Mirələmovun adını dərsliklərə salıblar -
Bu yaxınlarda sabiq deputat Hüseynbala Mirələmov ölkədə əxlaq polisinin yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Bir müddət əvvəl qalmaqalla gündəmə gələn keçmiş millət vəkilinin belə bir fikir səsləndirməsi isə cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub.

Yazıçı Şərif Ağayar mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”a açıqlayıb. O bildirib ki, bizdə yaşlı yazarların bir çoxu reallıq hissini itirdiyi üçün belə absurd iddialarla çıxış edir:

“Bilmirəm, Hüseynbala Mirələmovu nə qədər yazıçı hesab eləmək olar, amma hər halda adamı dərsliklərə salıb uşaqlarımıza öyrədirlər. Anar müəllimin də yaxın dostudur. Müxtəlif tədbirlərdə, efirdə bir neçə dəfə yanaşı görmüşəm. Adam əxlaq polisinin yaranmasını istəyir. Bu ifadə şəxsən mənə Corc Oruelin “1984” romanından tanışdır. Bir yazıçı başqa bir yazıçının istehza ilə təsvir etdiyi bir istibdad aparatını öz vətənində arzulayır... Belə bir rüsvayçı faktı heç Efiopiyada da müşahidə edə bilməzsən. Nə bilim. Adam deməyə söz tapmır. İstəyirsən, söyəsən, onu da özünə sığışdırmırsan”.

Şərif Ağayar bir sıra yazıçılardan da gileylənib:

“Bundan da əvvəl bir xalq şairi deyirdi, Ədəbiyyat Nazirliyi yaradılsın. Xalq yazıçısı bütün sosial şəbəkə istifadəçilərini cahil, nadan adlandırmışdı. Başqa bir tanınmış şair yanında işlədiyi nazir haqda şeir yazmışdı: sənsiz səhər açılmaz, günəş çıxmaz... Nə deyəsən? Şəxsən mən belə adamlarla bir vətəni bölüşməkdən utanıram. Allah bizi Kanadada eşşəkdən-zaddan yaratmadı ki, Allah verən ömrü normal yaşayıb gedək bu dünyadan, gətirdi saldı bu adamların arasına... Coğrafiya taledir. Dözməliyik. Sayı getdikcə azalan yaxşılara baxıb təsəlli tapmalıyıq. Başqa çarəmiz yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...