Övladları Camal Qaşıqçının qatillərini bağışladı - Milyonluq evlər, yüz minlərlə dollar...

Övladları Camal Qaşıqçının qatillərini bağışladı -
“Washington Post” qəzetinin köşə yazarı Camal Qaşıqçının ailəsi onun səudiyyəli qatillərini bağışladığını açıqlayıb. Hökumətin beş agenti jurnalistin qətlində təqsirli bilinərək ölümə məhkum edilmişdi.

“Biz, şəhid Camal Qaşıqçının oğulları elan edirik ki, atamızı öldürən şəxsləri bağışlayırıq, mükafatımızı Uca Allahdan gözləyirik”, – jurnalistin oğullarından biri Salah Qaşıqçı “Twitter”də yazıb.

Salah Qaşıqçı Səudiyyə Ərəbistanında yaşayır. Qətlə görə kral məhkəməsindən maliyyə təzminatı alıb. O yazıb ki, qatillər müqəddəs Ramazan ayının sonuna düşən əhya gecələrində əfv olunub.

“Associated Press” bu açıqlamanın gözlənən olduğunu yazır. Çünki məhkəmənin çıxardığı qərarda hökmün dəyişdirilməsi üçün əlyeri qoyulurdu. Qətlin bilərəkdən törədilmədiyi deyilirdi. Bu hökm Səudiyyə hökumətinin jurnalistin qətlilə bağlı rəsmi izahıyla üst-üstə düşürdü.

Səudiyyənin “Arab News” media orqanı cümə günü yazıb ki, Qaşıqçının oğullarının açıqlaması qatilləri edamdan qurtarsa da, heç də onların cəzasız qalacağı anlamına gəlmir. “Frans Pres” qeyd edir ki, Salah bundan öncə ədliyyə sisteminə tam inandığını deyib. Opponentlərini bu işdən sui-istifadədə suçlayıb.

“The Washington Post” ötən il yazırdı ki, Salah daxil olmaqla, Qaşıqçının övladlarına bir neçə milyon dollarlıq evlər verilib, hər ay hökumət onlara yüz minlərlə dollar ödəyir. Salah isə bu məlumatları təkzib etmiş, Səudiyyə hökumətilə məsələnin pulla həllinin müzakirə olunmadığını demişdi.

Jurnalist 2018-ci ilin oktyabrında Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb, bədəni hissələrə parçalanıb. Bu qətli bütün dünya pisləyib, şübhələr Vəliəhd şahzadə Məhəmməd bin Salmana yönəlib. İndiyədək jurnalistin cəsədi tapılmayıb.

Qaşıqçı niyə öldürüldü?

Qətlinədək Qaşıqçının “Washington Post”dakı köşə yazılarında vəliəhd şahzadəni tənqid edən yazılar yazırdı. O, bir il idi mühacirətdə yaşayırdı. Ölkəsinə qayıdacağı halda həbsdən ehtiyatlanırdı.

Krallıq beynəlxalq təzyiq nəticəsində etiraf elədi ki, Qaşıqçı səudiyyəli agentlər tərəfindən öldürülüb və əməliyyata şahzadənin iki köməkçisi nəzarət edib. Onlar sonradan vəzifədən kənarlaşdırıldılar.

Krallıq vəliəhd şahzadənin əməliyyatda əli olmadığını deyir. Tənqidçilər isə ABŞ kəşfiyyatının hesabatlarına istinad edirlər. Həmin sənədlərə görə, şahzadənin bilgisi olmadan belə bir əməliyyat həyata keçirilə bilməzdi.

Konqresin təzyiqinə, Senatın qətlə görə vəliəhd şahzadəni suçladığı qətnaməsinə baxmayaraq, Prezident Donald Tramp ABŞ-ın Səudiyyə ilə münasibətlərini müdafiə edib. Ölüm cəzasına məhkum edilmiş beş nəfərdən başqa Səudiyyə məhkəməsi daha üç nəfəri cinayəti ört-basdır etməkdə təqsirli bilib. Onları üst-üstə 24 il həbs cəzasına məhkum edib.

Qətlə görə 11 nəfər məhkəmə önünə çıxarılıb. Amma hökumət təqsirli bilinənlərin adlarını açıqlamayıb.
azadliq.org


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...