Gürcüstanda azərbaycanlıları şərləmə əməliyyatları GÜNDƏM

Gürcüstanda azərbaycanlıları şərləmə əməliyyatları
Dövlətimizin öz vətəndaşının taleyinə biganə yanaşması nəticəsində, etibar həsənovlar ya günahsız yerə uzun müddət həbsxanada yatmalı, ya da evini, maşınını satıb, Gürcüstan büdcəsinə böyük məbləğdə pul keçirməklə, azadlığa çıxamağa məcbur olurlar. Hələ, dələduz vəkillərin minlərlə, on minlərlə manat alıb, onları aldatması faktları da bir yana…

“Hürriyyət”in ötən sayında dərc etdiyimiz “Gürcüstan polisinin azərbaycanlılara “torba tikmə” əməliyyatı” sərlövhəli yazı geniş rezonansa səbəb olub. Doğrudur, biz bu yazımıza daha çox Azərbaycanın hüquq-mühafizə orqanlarından reaksiya veriləcəyini gözləyirdik. Amma, bunun əksinə, sözügedən məqalənin Gürcüstanın rəsmi dairələrində böyük skandala səbəb olduğu haqda informasiyalar əldə etməkdəyik…

Xatırladaq ki, həmin yazıda son illər çox sayda Azərbaycan vətəndaşının Gürcüstan polisi tərəfindən qurama narkotik ittihamı ilə həbsə atıldığı iddia olunur. Zərərçəkənlərdən biri kimi çıxış edən Qazax rayonunun Qarapapaq kənd sakini Həsənov Etibar Məmməd oğlu “Hürriyyət”ə bildirib ki, Gürcüstan polisi ilə əlbir olan bir qrup azərbaycanlı əvvəlcədən tanış olduğu taksi sürücülərini müştəri kimi qonşu ölkəyə sürdürüb, orada maşına narkotik maddələr və narkotik tərkibli dərmanlar ataraq, onları həbs etdirir.

E.Həsənovun dediyinə görə, belə bir hadisə onun başına 2017-ci ilin iyul ayında gəlib. Belə ki, özünü “Namiq” kimi təqdim edən, sonradan isə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Qaçağan kəndindən olan 1982-ci il təvəllüdlü Osmanov Elmar Elman oğlu olduğu məlum olan şəxs müştəri kimi ona yaxınlaşaraq, Tiflisə – xəstəxanaya getmək istədiyini bildirib. Lakin sərhədə çatdıqda həmin şəxs siqaret almaq adı ilə aradan çıxıb və gömrük postunu piyada keçərək, qarşı tərəfdə gözləyəcəyini bildirib. Etibar Həsənov hər iki gömrük postunda yoxlamadan keçərək Gürcüstan ərazisinə daxil olduqda, polislər onun maşınını mühasirəyə alaraq, əllərini və ağzını bağlayıblar. Daha sonra, onlar öz əlləri ilə qoyubmuş kimi, maşının oturacağının altından 63 qrpam psixiatrik dərman “aşkar ediblər”. Bu baxımdan, zərərçəkən deyir ki, onu Gürcüstan polislərinə Elmar Osmanov adlı müştərisi “satıb”.

O, 9 ay Gürcüstan həbsxanasında yatdığı müddətdə isə E.Osmanovun bu işdə tək olmadığını, Azərbaycan vətəndaşlarını narkotik ittihamı ilə həbs etdirən böyük bir şəbəkənin fəaliyyət göstərdiyini öyrənib. Çünki yaxından tanıdığı bəzi şəxslər də E.Osmanovun və şəbəkənin digər üzvlərinin əli ilə şərlənərək, həbsə atılıb. O cümlədən, həbsxanada bu cür qanunsuz şəkildə həbs olunan onlarla Azərbaycan vətəndaşının olduğu haqda informasiyalar əldə edib.

Haşiyə çıxım ki, Etibar Həsənov azadlığa çıxdıqdan sonra məlum şəbəkənin fəaliyyətinin qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib. Bu müraciətdən sonra o, DİN əməkdaşı tərəfindən qəbul edilən zaman, orada 330 nəfər vətəndaşımızın bu və digər səbəblərdən Gürcüstanda qanunsuz olaraq cəza çəkdiyi dolayısı ilə etiraf olunub. Lakin, bütün bunlara rəğmən, bu problemin həlli istiqamətində heç bir addım atılmayıb, hətta onu gürcü polisinə təhvil verən Elmar Osmanovun Bakıda istədiyi kimi əlini-qolunu sallayaraq gəzdiyi bildirilir.

Məsələnin digər üzücü tərəfi isə odur ki, Gürcüstan polisi tərəfindən şərlənərək həbs olunan vətəndaşlarımızın harayına Azərbaycanın bu ölkədəki səfirliyi də yetməyib. E.Həsənov deyir ki, səfirliyə dəfələrlə müraciət etsə də, heç bir reaksiya verilməyib. Bu isə o anlama gəlir ki, hörmətli səfir Dursun Həsənovun gürcülərlə yerli şərab içməkdən başı açılmadığından, bu kimi işlərə vaxt ayıra bilmir(Bu haqda daha ətraflı növbəti yazımızda-müəl.).

Dövlətimizin öz vətəndaşının taleyinə biganə yanaşması nəticəsində isə, etibar həsənovlar ya günahsız yerə uzun müddət həbsxanada yatmalı, ya da evini, maşınını satıb, Gürcüstan büdcəsinə böyük məbləğdə pul keçirməklə, azadlığa çıxamağa məcbur olurlar. Hələ, dələduz vəkillərin minlərlə, on minlərlə manat alıb, onları aldatması faktları da bir yana…

Məhz bu biganəliyin və diqqətsizliyin nəticəsidir ki, Gürcüstanda həbsə atılan Azərbaycan vətəndaşlarının sayı ilbəil artır. Əlbəttə, bunu biz deyil, qonşu ölkənin rəsmi qurumlarının açıqladığı statistika deyir. Hansı ki, “Hürriyyət”in əldə etdiyi rəsmi bilgilərə görə 2018-ci ildə Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşlarının sayı 75 nəfər, 2019-cu ildə isə 94 nəfər olub. Diqqət edək, 2018-ci ildə qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının ümumi sayı 53, İran vətəndaşlarının ümumi sayı 38, Ermənistan vətəndaşlarının sayı isə 25 nəfər olub. Bir il sonra isə Gürcüstanın cəzaçəkmə müəssisələrində İran vətəndaşlarının ümumi sayı 118, Rusiya vətəndaşlarının ümumi sayı 75, Ermənistan vətəndaşlarının ümumi sayı isə 27 nəfər olub. Hansı ki, bu ilin karantin müddətinədək (yanvar və fevral aylarında) Gürcüstanda həbs olunan azərbaycanlıların sayı təxminən türmədə yatan Ermənistan vətəndaşlarının ümumi sayına yaxındır – 21 nəfər. Ümumilikdə isə, hazırda Gürcüstan həbsxanalarında 391 nəfər Azərbaycan vətəndaşının cəza çəkdiyi bildirilir. Bunların da böyük əksəriyyətinin şərlənərək həbsə atılmadığını kimsə iddia edə bilməz.

Çox təəssüf ki, bu dəhşətli statistika Azərbaycanın rəsmi qurumlarını hələ də hərəkətə gətirmək üçün yetərli hesab olunmur. Əlbəttə, biz Gürcüstandakı səfirliyimizin fəaliyyət(sizliy)ini nəzərə almasaq da olar. Çünki bu səfirlik, belə demək olarsa, Azərbaycan dövlətinə deyil, gürcülərə xidmət edir. Bəs Azərbaycanın rəsmi qurumları niyə indiyə kimi bu məsələyə reaksiya verməyib? Növbəti yazımızda bunun səbəblərini aydınlaşdırmaqla yanaşı, rəsmi qurumların mövqeyini də dərc etməyə çalışacağıq. //hurriyyet.org//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...