“Heydər Əliyevin bu məsələyə müsbət münasibəti olmayıb” - Keçmiş nazirdən AÇIQLAMA

“Heydər Əliyevin bu məsələyə müsbət münasibəti olmayıb” -

Ötən gün Xarici İşlər nazirinin müavini Xələf Xələfov Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarına Azərbaycanın razılıq verdiyini bəyan etdi. Mediada dərc edilən bu açıqlama birmənalı qarşılanmamaqla bərabər tənqidlərə də səbəb oldu.

Bu barədə Modern.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov xatırladıb ki, Araz çayı üzərində həyata keçirilən bu və buna bənzər digər layihələr Sovet dövründən gündəmdə olub:

“Yadımdadır ki, 1998-ci ildə həmin layihə barədə İran tərəfi Heydər Əliyevə müraciət edib. Ulu öndərin isə bu məsələyə o qədər də müsbət münasibəti olmayıb. İran tərəfinə bildirmişdi ki, bu məsələyə aydınlıq gətirilsin. İşğal olunmuş ərazilərdə İran tərəfi bu işləri həyata keçirdikdə Azərbaycanın iştirakı da təmin olunmalıdır. Layihələrin Azərbaycanla bağlanması, İranın ölkəmizin torpaqlarının müvəqqəti işğal altında olduğunu qəbul edir, həmin torpaqların əsl sahibi kimi Azərbaycan dövlətini tanıyır. Su bəndi tikilərkən bəzi ərazilər su altında qalmalı idi. Burada Azərbaycanın da maraqlarını nəzərə almaq lazımdır. Ümumi diskusiyanın nəticəsi bu olub ki, Azərbaycanın suverenliyinin tanınması, ərazilərimizin işğal altında olmasının qəbulu və ölkəmizin layihədə birbaşa iştirakı təmin olunmalıdır. Bunun üzərindən uzun müddət keçib, müxtəlif məqamlar bu və ya digər şəkildə həllini tapıb. Azərbaycanın belə layihələrdən əldə edəcəyi faydalar da çoxdur. Suvarma və kənd təsərrüfatının inkişafı, sudan, elektrik enerjisindən istifadənin təmin olunması asanlaşır. Hesab edirəm ki, sazişdə Azərbaycanın maraqları tam şəkildə müdafiə olunur.

Bu layihə Azərbaycanın iradəsini göstərir. Ərazilərimiz müvəqqəti işğal altında olsa da. Bu ərazilərin inkişafına, gələcəkdə öz xeyrinə istifadəsinə çalışaraq yanaşır. Həmçinin bu layihənin icrasında azərbaycanlı mütəxəssislər də iştirak edəcək. İstər-istəməz ölkəmizin varlığı nəzərə alınacaq”.

Layihə çərçivəsində Ermənistan və İran arasında Araz çayı üzərindən körpünün inşa ediləcəyinə gəlincə isə T. Zülfüqarov bunun çox kiçik detal olduğunu söyləyib:

“Böyük hidrotexnik layihələrin daxilində hansısa körpülərin salınması çox kiçik detaldır. Burada elektrik enerjisinin istehsalı, bölünməsi, su anbarının yaradılması, gələcəkdə su ehtiyatlarından istifadə edilməsi və s. məsələlər var. Azərbaycanın layihənin icrasında birbaşa iştirakı həmin bölgədə nəzarətin güclənməsinə köməyi də təmin edəcək.

Ermənilər onsuz da belə layihələr olmasa belə torpaqlarımızı qaytarmaq niyyətində deyillər. Azərbaycan işğal altında olan torpaqları yalnız güclə qaytara bilər. Amma hazırkı durumda dərk edirik ki, ermənilər torpaqlarımızı 30 ildir işğal altında saxlasalar belə, mənimsəyə bilməyiblər. Ən azı onların əhalisi Sovet dönəmindən indiyə qədər iki dəfə azalıb. Belə halda onların Qarabağda möhkəmlənə biləcəyini düşünmək yersizdir. Biz torpaqlarımızı ermənilər istəsə də, istəməsə də geri qaytaracağıq. Azərbaycan əsgərinin gücü buna yetər. Bu ümidin əsasında da layihənin həyata keçirilməsinə icazə vermişik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...