“Mütləq bunun izlənməsinə ehtiyac var” - Bakıda qəzet adı ilə “qaranlıq alver”

“Mütləq bunun izlənməsinə ehtiyac var” -


“Mətbuat köşkləri”nin vitrinlərindən faktiki olaraq istənilən hər şey - sərinləşdirici içkilər, siqaret, qida məhsulları, oyuncaqlar, suvenir və bir çox başqa şeylər almaq mümkündür. Mətbuat üçün də təvazökar bir yer ayrılsa da, əsasən digər məhsullar ön plandadır. Köşklərdə kassa aparatının, nağdsız ödəniş terminallarının olmaması və qaçaq, aksizsiz siqaretlərin satılması faktına da rast gəlinir.

2011-ci ilin əvvəlindən başlayaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti paytaxtda fəaliyyət göstərən qəzet köşklərinin bir hissəsini yığışdırdı. Bir müddət keçəndən sonra yığışdırılan köşklərin yerinə yeniləri qoyuldu - "Kiosk press".

Müşahidələrimiz nəticəsində də məlum oldu ki, Bakıdakı köşklərin bəzilərində bir-iki qəzetə rast gəlinir. Bəzən həmin qəzetlərin köhnə olmasına da rast gəlinir.

Bəs görəsən, qəzet və jurnalların satışı üçün nəzərdə tutulmuş “mətbuat köşkləri”nin hər xırda şeyin satışı ilə məşğul olmasının səbəbi nədir? Bu köşkləri təyinatını dəyişdirir?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadi ekspert Natiq Cəfərli yaranan durumu belə şərh edib:

“Qəzet və jurnalların satışından gələn gəlirlə köşklərin rentabilliyini təmin etmək mümkün deyil. Qəzet və jurnallar hazırda çox az satılır, tirajları da çox azdır. 20 il bundan öncə hətta Azərbaycanda 100 min tirajla çıxan qazetlər var idi. İndi maksimal tiraj sayı 4 mini və ya 3 mini keçmir. Nə qəzetlərin özləri, nə də köşklər üçün oradan gələn gəlir rentabilliyin təmin edilməsinə imkan yaratmır.

Bunun obyektiv səbəbləri də var. Təbii ki, internetin inkişafı, saytların daha önə çıxması çap məmulatlarının arxa plana keçməsinə səbəb olub.

Dünyada da bu trend var. Məsələn dünyaca məşhur “New York Times” qazeti 20 il bundan öncə 4-3 milyon nüsxə ilə çap olunurdusa, bu gün artıq 1 milyondanda aşağı düşüb. Amma onun elektron versiyasının satışı 3 milyona yaxın artıb.

Azərbaycanda subyektiv tərəf ondan ibarətdir ki, çap mediasında maraqlı və insanları cəlb edən materiallar dərc olunması getdikcə azalır. Yəni burada rəqabətsizlik mühiti var. Bu səbəbdən ötrü də insanların çap materiallarına maraqları azalıb. Bu da köşklərin işində müəyyən problemlərə səbəb olub. Tək qəzetlərin satılmasına icazə verilərsə, o köşklərin heç biri ayaqda dura bilməz.

Demokratik mühit genişləndikcə söz azadlığı ilə bağlı daha maraqlı və kreativ qazetlərin yaranması köşklərə də marağı artıra bilər. Bu nöqteyi-nəzərdən köşklər şəhərdə xüsusi kolorit rolunu oynayır. Dünyanın istənilən ölkəsinə, şəhərinə getdikcə qəzet köşklərinin hər yerdə olduğunu görə bilərsən. Buna görə də onların bağlanması çıxış yolu deyil”.

Ekspert həmçinin köşklərdə kassa aparatının, nağdsız ödəniş terminallarının olmaması və qaçaq, aksizsiz siqaretlərin satılması faktına da və bu kimi hadisələrin qarşısını alma tədbirlərinə də toxunub:

“Birincisi tək kassa aparatının yox, post-terminalların da quraşdırılmasına ehtiyac var. Dünyanın istənilən inkişaf etmiş ölkəsində qəzet köşkündən adi qəzeti belə kartla almaq mümkündür. Azərbaycanda bu mümkünsüz hal alıb. Tək kassa aparatları yox, post terminallar quraşdırılması vasitəsilə fəaliyyəti daha şəffaf şəkildə izləmək mümkündür. Azərbaycanda qanunvericiliyə görə, kassa aparatının quraşdırılmasının da qaydaları var. Həm satış dairəsinin həcminə görə və digər məsələlərə görə tənzimlənir.

Kassa aparatlarının qoyulması o anlama gəlmir ki, aksizsiz siqaretlər satılmayacaq. Aksiz markaları olmayan siqaretlərin və yaxud da qara dövriyyədə olan məhsulların satılması nəzarətsizliyin nəticəsidir. Yəni həmin siqaretin ölkəyə necə düşməsindən asılı olaraq, mütləq bunun izlənməsinə ehtiyac var ki, necə olub bu siqaret ölkəyə daxil olub. Bu növ nəzarət mexanizmləri ciddi çalışsa, kassa aparatının olub-olmadan da bu məsələni həll etmək olar. Vətəndaşların daha rahat alış-veriş etməsi üçün infrastruktur qurulmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...