“Trampın məktubu Azərbaycanın düzgün yolda olduğunu təsdiqləyir” Deputat

“Trampın məktubu Azərbaycanın düzgün yolda olduğunu təsdiqləyir”
“Azərbaycanla ABŞ arasındakı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi və strateji xarakter daşıdığı ən ali səviyyədə öz təsdiqini tapıb. Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına tam uyğundur. Ona görə də ABŞ Prezidenti Donald Trampın 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda əksini tapan fikirlər yüksək qiymətləndirilməlidir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Onun fikrincə, D.Trampın məktubunda diqqəti cəlb edən bir sıra mühüm məqamlar var. Bunlardan biri ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə güclü şəkildə dəstək ifadə etməsidir: “Hamıya məlumdur ki, ölkəmiz mürəkkəb geosiyasi məkanda yerləşir və burada suverenliyi, müstəqilliyi qoruyub saxlamaq heç də asan deyil. Biz buna Prezident İlham Əliyev kimi müdrik və uzaqgörən siyasətçinin həyata keçirdiyi prinsipal, qətiyyətli və balanslaşdırılmış daxili və xarici siyasət sayəsində nail olmuşuq. Artıq bu siyasət neçə illərdir uğurlu nəticələrini verməkdədir. ABŞ Prezidenti Donald Trampın məktubunda əksini tapan fikirlər də Azərbaycanın xarici siyasətinin milli maraqlar əsasında qurulduğunu və dünyanın aparıcı dövlətləri tərəfindən dəstəkləndiyini təsdiqləyir. Ona görə də beynəlxalq aləmdə müşahidə olunan hazırki çətin sınaqlar fonunda dünyanın super dövlətinin Azərbaycanın suverenliyi və müstəqilliyinə açıq və güclü dəstək verməsi böyük əhəmiyyət kəsb edir”.

Ü.Quliyev vurğulayıb ki, ABŞ Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsi sahəsində oynadığı rolu da yüksək qiymətləndirir: “Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
ABŞ Azərbaycanın indiyədək həyata keçirdiyi bütün enerji layihələrini dəstəkləyib. Bura Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsi, Cənub Qaz Dəhlizi və başqaları daxildir.

Azərbaycan Əfqanıstan, Kosovo və İraqda sülhün yaradılması və təhlükəsizliyin təmin olunmasına töhfə verib. Bizim sülhməramlılarımız hər üç ölkədə terrorçuluqla mübarizədə iştirak ediblər. Hazırda Azərbaycan sülhməramlıları NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” Missiyası çərçivəsində fəaliyyətlərini davam etdirirlər. Ümumilikdə Azərbaycan bu missiyanın həyata keçirilməsinə töhfə verən ölkələrdən sayılır. İstər Əfqanıstan, istər Kosovo, istərsə də İraqda terrorçuluğa qarşı mübarizə və sülhün təmin olunması ABŞ-ın birbaşa iştirakı və himayəsi ilə reallaşıb. Ona görə də Donald Tramp Prezident İlham Əliyevə ünvanladığı məktubunda Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsindəki rolunu xüsusi vurğulamağı vacib sayıb”.
Deputat hesab edir ki, Ağ Ev sahibinin məktubunda ən vacib məqamlardan biri də ABŞ və Azərbaycan xalqının eyni səviyyədə tutulmasıdır: “Donald Tramp məktubunda iki böyük xalqın insanları ifadəsini işlədib. Bu onu göstərir ki, ABŞ Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Prezidentinə böyük hörmətlə yanaşır. Bu isə heç də asan əldə olunmayıb. Hesab edirəm ki, bu, Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış və uğurlu xarici siyasətinin nəticəsidir”.
Ü.Quliyev bildirib ki, D.Tramp məktubunda Azərbaycanla ABŞ arasındakı 30 illik əməkdaşlığa yüksək qiymət verməklə yanaşı, Bakı ilə Vaşinqtonun gələcək münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini də müəyyən edib: “ABŞ və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək sahəsində uğurlu əməkdaşlıqlarını davam etdirəcəklər. Bundan başqa hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Donald Tramp məktubunda yazıb ki, belə bir vaxtda ABŞ Azərbaycan xalqının yanındadır. Bu da bir daha iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir”.

Deputat deyib ki, məktubda Dağlıq Qarabağ münaqişəsinə də toxunulması mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın hazırda ən böyük və deyərdim ki yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bütün çətinliklərin öhdəsindən gəlib, böyük inkişafa nail olub. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar hələ ki nəticə verməyib, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlamaqda davam edir. Münaqişənin həlli ona görə mümkün olmur ki, ermənilər işğalçılıq siyasətindən əl çəkmirlər. Ona görə də dünyanın aparıcı dövlətlərinin Ermənistana təzyiq etməsi lazımdır.
ABŞ münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Şübhəsiz ki, rəsmi Vaşinqtonun bölgədə böyük maraqları var. ABŞ dünyanın aparıcı dövləti və ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Ona görə də Donald Trampın məktubunda Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştiraklarını davam etdirəcəkləri barədə yazdıqları ciddi mesajdır və müsbət qarşılanmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...