OPEC: “Qlobal enerji böhranı ola bilər”

OPEC: “Qlobal enerji böhranı ola bilər”

Neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar bu günə qədər qlobal neft sənayesində təxminən 1 trilyon dollarlıq zərər meydana gəlib

İnvestisiyaların davam etməməsi qlobal enerji böhranına səbəb ola bilər.

Azərtac xəbər verir ki, bu barədə Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.

O qeyd edib ki, neft bazarında və qiymətdə davamlılığın davam etməsi üçün istehsalçı ölkələr arasında iş birliyi davam etməlidir. İnvestisiyaların davam etməməsi qlobal enerji böhranına səbəb ola bilər.

“2014-cü ilin ikinci yarısından etibarən neftin qiymətindəki eniş proqnozlardan daha uzun müddətdə davam edib. Bu günə qədər qlobal neft sənayesində təxminən 1 trilyon dollarlıq zərər meydana gəlib. OPEC və kartel xaricindəki ölkələr 2016-cı ilin sonunda “Əməkdaşlıq Bəyannaməsi” razılaşması çərçivəsində neft istehsalının azaldılmasına dair sazişin müddətini bu ilin sonuna qədər uzadıb. Lakin tək başına yol qət etmək olmaz. Birgə çalışmalıyıq. Davamlılığı təmin etmək üçün iş birliyi olmalıdır”, – deyə M.Barkindo əlavə edib.

Təşkilatın baş katibi deyib: “OPEC-ə üzv ölkələr dünyada aşkar edilən neft ehtiyatlarının 80 faizinə sahibdirlər. Bir çox OPEC ölkəsi hələ də dünyada ən ucuz istehsal dəyərinə malikdir. OPEC gələcəkdə də dünyanın ən etibarlı neft tədarükçüsü olmağa davam edəcək. Neftin 2040-cı ilə qədər dünyanın ən əsas enerji qaynağı olacağı nəzərdə tutulur”.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...