Ermənistan höküməti geri çəkilmək niyyətində deyil "Qiymətlər aşağı salınmayacaq"
Ermənistanın İctimai xidmətlərin tənzimləməsi üzrə Dövlət Komissiyası avqustun 1-dən ölkədə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı daha əvvəl qəbul etdiyi qərara yenidən baxmayacaq.
"APA-Economics"in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib.
Onun sözlərinə görə, komissiya əhalinin kütləvi narazılığına və etiraz aksiyaları keçirməsinə baxmayaraq, öz qərarını dəyişmək niyyətində deyil.
"Biz korrektəyə ehtiyacı olan qərar qəbul etməmişik", - deyə M. Stepanyan bildirib.
O əlavə edib ki, təmsil etdiyi qurum uzunmüddətli müzakirələr nəticəsində iqtisadi baxımdan əsaslandırılmış qərarlar qəbul edən müstəqil orqandır: "Məsələnin sosial tərəfi bizə aid deyil. İqtisadi balansı qorumaq lazımdır. Yəni etibarlı və keyfiyyətə xidmətə görə, həmin miqdarda ödəniş etmək lazımdır".
Rusiyanın "İnter RAO" ASC-yə məxsus "Ermənistan Elektrik Xətləri" QSC-dən isə bildiriblər ki, şirkət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı müraciətini geri çağırmaq niyyətində deyil.
Xatırladaq ki, İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası iyunun 17-də Ermənistanda elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.
1173 dəfə oxundu