Etirazlar Ermənistanın bütün şəhərlərində başladı
İrəvanda etiraz aksiyaları davam edir. Hazırda Ermənistan paytaxtının mərkəzində - Marşal Baqramyan prospektində izdihamlı aksiya keçirilir. Mitinqə üç minədək insan toplaşıb.
GUNDEMİNFO.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın görüş barədə təklifini müzakirə edən etiraz aksiyasının koordinasiya qrupu nümayəndə heyətinin tərkibi barədə razılığa gələ bilməyib. Bundan başqa, nümayişçilərin çoxu ümumiyyətlə təşəbbüskarı prezident olan görüş ideyasına neqativ yanaşır.
Bununla eyni vaxtda gənc fəalların Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə oturaq aksiyaya başladığı barədə xəbərlər yayılıb. Onlar respublikanın digər şəhərlərində də analoji aksiyalar keçirməyə çağırırlar.
Qeyd edək ki, iyunun 23-də polis elektrik enerjisinin qiymətinin 6,93 dram (0,015 dollar) artırılmasına etiraz əlaməti olaraq İrəvanın mərkəzində keçirilən nümayişi zor tətbiq edərək dağıtmişdi. Nəticədə etiraz aksiyasının 237 nəfər iştirakçısı saxlanılaraq polis bölməsinə aparılmış, 18 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.
1102 dəfə oxundu