Güzəştlə mənzil satışında saxtakarlıq? - MİDA: “Tədbir görməyə hazırıq”

Güzəştlə mənzil satışında saxtakarlıq? -
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) elan etdiyi sosial mənzil satışlarının şəffaflığı ilə bağlı vətəndaş narazılığı var. Bir neçə dəfə sosial mənzil satışlarına qatıldığını, amma mənzil ala bilmədiyini deyən vətəndaşlar seçimlərin qaydalara uyğun olmadığını iddia edirlər.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən Modern.az-ın sosial mənzillərin satışından vətəndaş narazılığının olması ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, qurum narazılıq edən vətəndaşlara lazımi köməklik göstərməyə hazırdır:

“Əgər qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı bir vətəndaşın sübutu varsa, aidiyyatı qurumlara müraciət etməsini tövsiyə edirik. Bu halın araşdırılması üçün qanun çərçivəsində müvafiq tədbir görməyə və tərəfimizdən istənilən formada köməklik göstərməyə hazırıq”.

Qeyd edilib ki, ölkə başçısının Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qəbulu “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə aparılır:

““Güzəştli mənzil” elektron sistemi güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə həmin şəxslər üçün elektron kabinetin yaradılmasını təmin edir”.

Rəsmi məlumata görə, bugünədək 13000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün “Güzəştli mənzil” sistemində şəxsi elektron kabinetin yaradılması təmin edilib:

“Müraciətlərin qəbulunda şəffaflığı təmin edən “Güzəştli mənzil” elektron sistemi ikipilləlidir. İlk növbədə müraciət edən vətəndaşın təqdim etdiyi məlumatlar əsasında təsdiq olunmuş kateqoriyaya aid olub-olmadığı yoxlanılır. Müraciətə 5 iş günü ərzində baxılır və müəyyən edilmiş kateqoriyaya uyğunluğu təsdiq edilərsə, “Güzəştli mənzil” sistemində onun şəxsi elektron kabineti yaradılır. Növbəti mərhələdə, mənzillərin güzəştlə satışı haqqında elan dərc olunur və “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar satış başladığı gündən etibarən mənzili seçə bilər”.

Həmçinin bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, güzəştli mənzillərin satışının başlanması başlanması tarixinə ən azı 30 (otuz) gün qalmış elan kütləvi informasiya vasitələrində yerləşdirilir:

“Bu barədə güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə bildiriş göndərilir. Mənzillərin satışı “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçirilir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Yəni satış başladığı anda sistemə daxil olaraq mənzilləri ilk seçən şəxslər onları almaq imkanı əldə edir. Bugünədək keçirilən satışların nəticəsində 817 şəxs Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzilə sahib olub. Bununla yanaşı, 16 oktyabr 2019-cu il tarixində 570 mənzilin seçimi həyata keçirilib. Hazırda həmin mənzillərin alq-satqı prosesi həyata keçirilir”.



Qeyd edilib ki, hər seçim prosesindən öncə “Güzəştli mənzil” sistemi “müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) tərəfindən tam nəzarətə götürülür:


“Sistem üzərində davamlı olaraq müşahidə aparılır. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında MİDA-nın, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin nümayəndələrindən ibarət operativ qərargah yaradılır. Seçim prosesi başa çatdıqdan sonra "Ernst & Young" şirkəti sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edir və “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz müsbət “SOC 3” rəyini təqdim edir. Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...