Aynurdan sonra Aysel də həbs edildi

Aynurdan sonra Aysel də həbs edildi
Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə mühakimə edilən şəxslərdən ikisi həbsdə, biri azadlıqda idi.

Nuridə Seyidova ilk gündən həbsdədir. Aynur və Aysel isə istintaqın ortalarında dəymiş ziyanı ödəmək şərti ilə ev dustaqlığına buraxılmışdı. 1 ay əvvəl zərərçəkmişlərin vəsatəti ilə Aynur məhkəmə zalında həbs edildi. Bu gün isə zərərçəkmiş şəxslər Ayselin də həbs edilməsini istəyiblər.

Müdafiə tərəfi isə vəsatətə etiraz edib, vəkil deyib ki, Aysel özünü təqsirli bilmir, sadəcə zərərçəkmişlərə yardım məqsədi ilə 105 min manat ödəyib. Prokuror isə qətimkan tədbirinin dəyişdirilməsinə nə hə, nə yox deyib.

Qeyd edib ki, ittiham tərəfinin Ayselin həbs edilməsi ilə bağlı tələbi yoxdur, bu səbəbdən vəsatətə münasibəti məhkəmənin mülahizəsinə buraxır.

Azad Məcidovun sədrlik etdiyi məhkəmə heyəti zərərçəkmişlərin vəsatətini əsaslı hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, xanım müttəhim haqda ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar var.

Aysel Məmmədova məhkəmə zalında həbs edilib.

Prosesdən sonra o, keçmiş iş yoldaşları ilə birgə istintaq təcridxanasına göndərilib.

Qərardan sonra Aysel şüşə qəfəs arxasından ötən dəfədən yarımçıq qalan ifadəsinə davam edib. Deyib ki, bu işdə əsas fiqurlar Nuridə və mühasib Toğruldur. Bütün işlər onların əlinin altından keçib:

“Mənim bu işlə bağlı cəmi 10 epizodda adım keçir. 5-ində zərərçəkmişdən pulu mən alıb Nuridəyə vermişəm. Diglərində isə pulun alınmasında iştirak etmişəm. Yəni Nuridə alanda yanında olmuşam. 10 epizodla bağlı da kimdən harada nə alınıb, hamısını istintaq vaxtı da demişəm”.

Proses iyunun 5-i davam edəcək. İttihamda deyilir ki, Nuridə Seyidova Aynur Bayramova və Aysel Məmmədova ilə əlbir olub. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...