İcra başçısının adamından kütləvi şikayət QAZAXDA

İcra başçısının adamından kütləvi şikayət

Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda Qazax Rayon İcra Hakimiyyətinin Hüseynbəyli kəndi üzrə nümayəndəliyinin rəhbəri Əziz Əhmədovun fəaliyyətinə dair ciddi iradlar irəli sürülmüşdür. İlk növbədə aldığımız açıqlamalarda mənbələr Əziz Əhmədov tərəfindən ümumiyyətlə öz vəzifə borclarının yerinə yetirilməsinə son dərəcə məsuliyyətsiz yanaşma tərzinin nümayiş etdirildiyini iddia edirlər. Məlumatlarda kənd icra nümayəndəsinin davamlı olaraq törətdiyi özbaşnalıqlara dair müxtəlif faktlar öz əksini tapmışdır. Xatırladaq ki, bu məmurun yol verdiyi qanun pozuntularına dair əvvəllər də redaksiyamıza Hüseynbəyli kənd sakinlərindən çoxsaylı şikayət məktubları daxil olmuşdu. Belə məlumatlardan birində Əziz Əhmədovun bəzi digər məmurlarla cinayətkar işbirliyinə gələrək birgə törətdikləri maxinasiyalardan bəhs olunurdu. Bildirilirdi ki, bu “işbirliyinə” əsasən Hüseynbəyli kəndi ərazisində torpaqların qeyri-qanuni satışı həyata keçirilir. Həmçinin məlumatlara görə Əziz Əhmədov indinin özündə də Qazax Rayon İcra Hakimiyyətinin başçısının adından sui-istifadə edərək, bir çox ciddi qanun pozuntuları və vətəndaşların hüquqlarının tapdanması hallarına geniş yer verir, rayon rəhbərliyini isə biri digərini sığortalayan yalan məlumatlarla aldadır. Yeni aldığımız məlumatda isə Əziz Əhmədovun Hüseynbəyli kəndi ərazisində yerləşən uşaq bağçası ilə bağlı həyata keçirdiyi maxinasiyalardan bəhs olunur.

Mənbə bildirir ki, bu yaxınlarda bağçanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonun daxili büdcəsindən Hüseynbəyli kənd icra nümayəndəliyinə müəyyən məbləğdə pul ayrılıb. Nəzərdə tutulub ki, həmin vəsaitlər hesabına bağçaya altı ədəd kompyuter və iki ədəd plazma televizor alınmalıdır. Lakin Əziz Əhmədov bu qənaətə gəlib ki, bağçanın tələbatlarının ödənilməsi üçün dörd ədəd kompyuter də kifayət edər. Digər iki kompyuter üçün ayrılan məbləğ isə icra nümayəndəsi tərəfindən mənimsənilib. Televizorlara gəlincə isə, iddialara görə Əziz Əhmədov dövlət pulları hesabına bağçanın deyil, öz evinin televizorlarını dəyişmək qərarına gəlib. Belə ki, bağçaya evdən iki ədəd köhnə televizor gətirib yerləşdirən icra nümayəndəsi, onların hər birinə görə 1000 manat məbləğində pul “silib”. Daha sonra məlumatda qeyd olunur ki, bağçaya alınan mebellərin və yataq ləvazimatlarının da aqibəti təxminən eyni olub. Yəni bu inventarlar bağça üçün alınsa da, öz ünvanına gəlib çatmadan naməlum şəxslərə satılıb. Bu yolla da ayrılan vəsaitlərin daha bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Daha sonra aldığımız məlumatlarda oxşar maxinasiyaların Hüseynbəyli kənd orta məktəbində də törədildiyi bildirilir. Həm də maraq doğuran belə bir məqam diqqətə çatdırılır ki, bu məktəbin direktoru Mahirə xanım, Əziz Əhmədovun həyat yoldaşıdır. Həmçinin mənbə iddia edir ki, Hüseynbəyli kənd icra nümayəndəsi bir müddət əvvəl oğlu Pərvini ali təhsili olması barədə saxta diplomla təmin edərək, 3000 manat rüşvət vermək müqabilində onun Qazax rayonu Meşə mühafizəsi və bərpası müəssisəsinə işə qəbuluna nail olmuşdur.

Digər bir məlumata görə isə, vəzifədə olduğu müddət ərzində Əziz Əhmədov həm hüquqi, həm də fiziki şəxslərdən müəyyən “vergilərin” yığılması üsullarına mükəmməl yiyələnib. Məsələn, bu gün Qazax RİH-nin Hüseynbəyli kəndi üzrə nümayəndəliyinə hər hansı bir arayış üçün müraciət edən vətəndaşlara ilk növbədə konkret qiymətlər əks olunan tariflər təqdim olunur. Məsələn, ailə tərkibini təsdiq edən 2 saylı forma arayışına görə Əziz müəllim sakindən 30 manat tələb edir. Əks halda bu arayışın verilməsi qeyri-müəyyən müddətə təxirə salınır. Eyni zamanda da məlumatlarda qeyd olunur ki, hər hansı arayış və ya digər sənədin alınması üçün müəyyən məbləği ödəməyə hazır olan vətəndaşlar belə öz məqsədlərinə bu tezliklə çata bilmirlər. Məsələ bundadır ki, hətta günün iş saatlarında da Əziz Əhmədovu öz iş yerində tapmaq olduqca müşkül məsələdir...

Materialda irəli sürülmüş ittihamlara dair qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\ bizimdovr.az \\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...