Evlənmək istəyən 474 nəfərdə xəstəlik tapılıb
Ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin oktyabr ayının sonuna qədər müayinədən 207 731 nəfər keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 1 iyun 2015-ci il – 30 oktyabr 2016-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Cari ilin oktyabr ayı ərzində müayinədən keçmiş şəxslərdən 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub. Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nigaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.
Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
807 dəfə oxundu