Kreml Türkiyə ilə barışdı: Rusiyaya göndərilən almalarımızdan qurd çıxdı

Kreml Türkiyə ilə barışdı:


Ekspertlər Azərbaycandan aparılan 18 ton almanın geri qaytarılmasına diqqət çəkirlər; Rusiyanın artıq Azərbaycan məhsullarına ehtiyacı yoxdur?

Rusiya sərhədçiləri Azərbaycandan Dağıstana aparılan 18 ton təzə almanın ixracına imkan verməyib. Bu haqda “Turan” Agentliyi Rusiya Fitosanitariya və baytarlığa nəzarət xidmətinə istinadən xəbər verib.

Məhsulun qonşu ölkəyə girişinə Rusiya-Azərbaycan sərhədində, “Yaraq-Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsində qadağa qoyulub. Qadağanı “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişlərinin qoyduğu bildirilir. Buna Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının məhsulda zərərvericisi hesab edilən şərq alma qurdunun (Grapholitha molesta Busck) tapılmasına dair rəyi səbəb olub.

Ötən mövsümdə Azərbaycandan Rusiyaya Qərbin sanksiyaları fonunda 50 min tondan artıq alma ixrac edilib. Nəticədə o zaman yerli bazarda alma iki dəfə bahalanmışdı. Ekspertlər Türkiyə ilə yaxınlaşmasından sonra Rusiyanın Azərbaycan meyvə və tərəvəzinə bir elə də üstünlük verməyəcəyini təxmin edirdilər.

Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasındakı ticarət əlaqələrinə Türkiyə-Rusiya münasibətləri fonunda baxılmasına düzgün yanaşmır: “Çünki Türkiyə və Rusiya regionun ən böyük ölkələridir. Buna görə bu ölkələrin münasibətlərinin normal səviyyədə olmaması Azərbaycan üçün ciddi strateji risklər formalaşdırır. Həm iqtisadi baxımdan, həm siyasi baxımdan risklər formalaşdırır. Eyni zamanda, onu da qeyd edim ki, təbii, ola bilsin ki, müvəqqəti dövr ərzində Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların müəyyən çeşidlərində artımlar baş verdi. Amma ümumiyyətlə götürəndə, 2016-cı il ərzində Azərbaycan və Rusiya ilə ticarət əlaqələrində ciddi artım qeydə alınmayıb. Əksinə, azalma baş verib. O cümlədən, ixracda da həmçinin, ilin bir çox aylarında azalma müşahidə olunub. Bu baxımdan yanaşdıqda, deməzdim ki, Rusiya- Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan istehsalçısı, yaxud icracatçısı ciddi divident əldə edə bilib. Bir məsələyə diqqət emtək lazımdır. Rusiya bazarları kifayət qədər böyük bazarlardır. Bu baxımdan da Azərbaycanın kənd təsərrüfatı ixracı potensialını nəzərə alsaq, bugünkü səviyyədən beş dəfə, on dəfə artırsaq belə, Rusiya bazarlarında yerləşdirilməsi mümkündür. Düzgün yanaşma ortaya qoyularsa, ixracatla bağlı yerli icra orqanlarının, Dövlət Gömrük Komitələsinin sərhəd məntəqələrinin süni maneələri olmazsa, digər tərəfdən, sahibkarlarımız doğru marketinq siyasəti həyata keçirərsə, istehsal etdiyimiz məhsulların rəqabət qabiliyyəti bazarlarda Türkiyə və digər ölkələrdən gətirilən məhsullardan rəqabət apara bilərsə, bugünkü məhsulları yerləşdirmək imkanımız varsa, onda Türkiyə-Rusiya münasibətlərinin pozulmasına zərurət yoxdur”.

Ekspertin sözlərinə görə, hətta Rusiya və Türkiyə arasında münasibətlər gərgin olduğu dövrlərdə belə, Rusiya tərəfi Azərbaycandan idxal olunan məhsulların bir çoxu ilə bağlı bu kimi qərarlar qəbul edib: “Məhsulların ölkəyə daxil olmasının məhdudlaşdırılması, hətta ekspertiza nəticələrinə uyğun olaraq məhsulların geri qaytarılması, bir çox məhsulların standartlara uyğun olmadığını əsas gətirərək, müəyyən bəhanələrlə məhsulların bu ölkəyə gətirilməsində müəyyən maneələr yaradılıb. Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən sahibkarların fikirləri ondan ibarətdir ki, Rusiyada bir çox hallarda belə qərarların qəbul edilməsi real şərtlər daxilində deyil, sair səbəblərdən baş verir. İki ölkə arasındakı münasibətlər fonunda baş verir. Bu kimi hallarda da təbii ki, sahibkar zərər görən tərəf olur. Amma yenə də düşünmürəm ki, Türkiyədən Rusiyaya ixracatın verilməsi Azərbaycan məhsullarının bazarını məhdudlaşdıra bilər. Çünki ənənəvi bazarlar var. Eyni zamanda, Rusiyada iki milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlıların bir çoxu pərakəndə ticarət fəaliyyətini Azərbaycan üzərindən qururlar. Buradakı məhsulların orada satışını təşkil edirlər. Bu baxımdan da əsasən biz çalışmalıyıq ki, daha çox keyfiyyətli, həm qiymətdə, həm keyfiyyətdə rəqabət apara bilən məhsullar aparaq və bazarlarda doğru marketinq həyata keçirə bilək”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, əslində Rusiya ilə Türkiyə arasında əlaqələrin pisləşməsi Azərbaycana müəyyən mənada pozitiv təsir göstərmişdi: “Keçən ilin sonunda Rusiyanın Türkiyədən gələn tərəvəzlərə, meyvələrə, kənd təsərrüfatı məhsullarına embarqo qoyması təbii ki, Azərbaycana pozitiv təsir göstərmişdi. Azərbaycan məhsularına kifayət qədər tələb artmışdı. Bundan başqa, Türkiyə- Rusiya münasibətləri gərgin olan zaman bir müddət Rusiya tərəfdən də dəfələrlə bəyanat verilmişdi ki, Azərbaycan üzərindən Türkiyə məhsullarıınn Rusiya bazarına, həm də Azərbaycan məhsulu adı altında çıxışı olur. Bunun üçün də Azərbaycan tərəfinə çox ciddi təpkilər var idi. Sərhəddə yoxlamalar həyata keçirilirdi. İndi isə demək olar ki, keçmişdə qəbul olunmuş qərarlar ləğv olundu. Və Rusiya ilə Türkiyə arasında birbaşa əlaqələrin yenidən bərpa olunmasına qərar verildi. Rusiya ilə Türkiyə arasında əsasən Azərbaycan üzərindən deyil, digər ölkələr üzərindən də əlaqələr mövcud idi. İndi həmin əlaqələrin bərpa olunması və Rusiya bazarına kəns təsərrüfatı məhsullarının kifayət qədər böyük həcmdə daxil olması Azərbaycan məhsullarının ixracatına mənfi təsir göstərə bilər. Çünki həm həcm olaraq, həm də alıcılıq cazibəsi olaraq Türkiyə şirkətləri və fziki şəxsləri artıq Rusiya bazarına öyrəşmişdilər və daha cəlbedici məhsullar təklif edə bilirdilər. Həm məhsulun vizual görünüşü nöqteyi-nəzərindən, həm kəmiyyət baxımından Türkiyə udur. Azərbaycan məhsullarının bazrada yeganə üstünlüyü keyfiyyət məsələsində Türkiyə məhsullarını bəzən udması idi. Əsasən bəzi kənd təsərrüfatı məhsullarında Azərbaycan Türkiyədən daha keyfiyyətli məhsul bazraa təklif edirdi. İndi bu nöqteyi-nəzərdən işimizi elə qurmalıyıq ki, rəqiblərimizin biri də artdığı üçün, uduzmayaq. Çalışmalıyıq ki, harada üstünlüyümüz varsa, əlaqələrimiz varsa, üstünlüyümüzü harada artıra biləriksə, orada türk malları ilə rəqabəti uda bilək. Çünki kəmiyyət etibarı ilə biz Türkiyəyə uduzacağıq. Çünki Türkiyə həm ərazisinə görə, həm də oturuşmuş kənd təsərrüfatına görə kifayət qədər böyük həcmdə bazara məhsul çıxarmaq imkanı var. Biz udmağa çalışmalıyıq. Keyfiyyətli məhsulları Rusiya bazarına çıxararaq rəqib olmağa çalışmalıyıq. Bu, baş verməsə, Rusiyaya ixracat azalmaqda davam edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...