Pakistanın Baş naziri BDU-nun Fəxri doktoru oldu FOTOLAR
Bakı Dövlət Universitetində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. Gundeminfo.az-a daxil olan məlumata görə, Məhəmməd Nəvaz Şərif öncə universitetin Şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb.
Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov tanınmış ictimai-siyasi xadim, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi salamlayaraq onun Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb. Rektor Abel Məhərrəmov iki dövlət arasındakı diplomatik əlaqələrdən də bəhs edib. O, eyni zamanda, Bakı Dövlət Universiteti haqqında məlumat verib, BDU-da dünyanın 14 qabaqcıl dilinin, o cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb.
Rektor çıxışının sonunda Bakı Dövlət Universiteti Elmi Şurasının 12 oktyabr tarixli iclasında Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. Məlum olub ki, ali qonaq “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Pakistan Respublikaları arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə» BDU-nun Fəxri doktoru adına layiq görülub.
Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.
887 dəfə oxundu