SOCAR-ın "Petrol Ofisi" uğrunda rəqibləri artır
Daha iki şirkət Türkiyədə pərakəndə yanacaq satışı ilə məşğul olan "Petrol Ofisi" şirkətinin alışında iddialıdır. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Vitol" və "Trafigura" şirkətləri də iddiaçılar sırasına qoşulub.
Xatırladaq ki, iddiaçılar arasında SOCAR, "Opet", BP və "Aramco" kimi şirkətlər var.
"Petrol Ofisi"nin sahibi olan Avstriyanın OMV şirkəti isə hələlik tərəfdaş seçməyə tələsmir. OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) yalnız onu bildirib ki, "Petrol Ofisi"nin potensial alıcıları ilə danışıqlar aparılır.
Bundan öncə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, rəhbərlik etdiyi şirkət "Petrol Ofisi"nin səhmlərinə yiyələnməkdə maraqlıdır: "Biz bu cür şirkətlərin alışında maraqlıyıq. Lakin biz daha çox əqdi normal, uyğun qiymətə bağlamaqda maraqlıyıq".
Bu ilin iyun ayında isə "SOCAR Türkiye Enerji" şirkətinin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib ki, SOCAR "Petrol Ofisi" şirkətinin səhmlərinin alışı məsələsini bu ilin payız aylarına bir daha nəzərdən keçirəcək: "Bizim bu əqdə böyük marağımız var. Biz şirkətin aktivləri ilə bağlı dəqiq informasiyanın bizə təqdim olunmasını gözləyirik".
772 dəfə oxundu