"Körpələrin həyatını 5 manata satmaq olmaz" - Baş pediatr
“Süni qida şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər”. AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, körpələrin həyatını 5-10 manata satmaq olmaz: “Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Bəzi həkimlər də süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir. Belə hallara qarşı Səhiyyə Nazirliyi tərəfindən çox ciddi işlər aparılır”.
N.Quliyevin sözlərinə görə, ana südünün əvəzləyicinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib: “Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünü əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır. Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman - zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı. Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər”.
802 dəfə oxundu