Dini Komitə: “Camaata toy eləmə deyə bilmərik“
"Hazırda məhərrəmlik mərasimlərinin keçirilməsi 90-cı illərlə müqayisədə xeyli fərqlidir. Bu, həm xalqın mövhumatdan uzaqlaşaraq daha dəqiq dini bilgilər əldə etməsi, həm də bu istiqamətdə aparılmış məqsədyönlü və mütəmadi maarifləndirmə işinin nəticəsidir"
GUNDEMİNFO.AZ bildirir ki, bunu azvision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda müşahidələr göstərir ki, ölkə ərazisində "qan çıxarmaq", yaxud "baş yarmaq" kimi hallara nadir hallarda rast gəlinir. "Zəncir vurmaq kimi məsələlər nəzərə çarpaçaq dərəcədə azalıb. Yalnız bəziləri məqsədli şəkildə qrup halında məscidləri dolaşaraq zəncir vurmağa cəhd edir. Belə cəhdlərin qarşısının alınması istiqamətində işlər aparılıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məhərrəmlik mərasimlərinin mahiyyətinə uyğun keçirilməsini, zəncir vurmaq, baş yarmaq kimi hallara yol verilməməklə bağlı fətva verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mərasimlərin qanunvericilik çərçivəsində keçirilməsi, təyinatı yerlərdən kənara çıxaraq yürüşlərə yol verməməsi barədə xəbərdarlıq edib".
Şöbə müdirinin fikrincə, kimlərsə yürüşə, qan çıxarmağa və zəncir vurmağa cəhd edəcəksə, deməli, həmin şəxs məqsədli şəkildə dindarlarla dövlət arasında təxribat törətmək istəyir: "Bu düşüncədə olanlar var, lakin hər kəs bilməlidir ki, mərasimlər zamanı belə təxribatların qarşısı vaxtında alınacaq.
Yürüşlərə yol verilməməsi nəqliyyatın iflic vəziyyətə düşməsinin qarşısının alınması ilə yanaşı, təhlükəsizliyin qorunması üçün də vacibdir. Mərasimlər zamanı vətəndaşların təhlükəsizliyinin qorunmasına hər il hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları cəlb edilir. Məlumdur ki, mərasimlər konkret yerlərdə keçiriləndə onların təhlükəsizliyini təmin etmək nisbətən asan olur. Dünyada baş verənlər fonunda biz bu amilləri mütləq nəzərə almalıyıq".
Azərbaycanın çoxkonfessiyalı ölkə olduğunu deyən N.Məmmədov qeyd edib ki, bəzi insanlar matəm mərasimləri müddətində televizora baxmırlar, musiqi dinləmirlər, spirtli içki içənlər belə həmin müddətdə bundan imtina edirlər. "Dini etiqad azadlığı istiqamətində hər kəsə bərabər hüquqlar verilir. Ölkəmizdə muxtəlif məzhəblərin nümayəndələri yaşayır. Hətta bəzi hallarda məhərrəm ayında müsəlman olmayanlar da toy etmirlər. Bu, hər kəsin inancına qarşılıqlı hörmətin, ehtiramın göstəricisidir. Şübhəsiz, heç kim başqasını "niyə toy edirsən, niyə gülürsən, niyə musiqiyə qulaq asırsan, niyə içirsən" deyə qınaya, ittiham edə bilməz. Amma bununla belə Azərbaycanda Aşura günü toy etmirlər. Çünki islam peyğəmbərinin Əhli-Beyti, Kərbəlada şəhid edilən İmam Hüseyn hər bir gerçək müsəlman üçün ortaq dəyərdir. O dəyərə isə məzhəbindən asılı olmayaraq ölkəmizdə yaşayan hər bir müsəlmanın sonsuz ehtiramı var. Xurafatlar isə tədricən onsuz da ortadan qalxır".
782 dəfə oxundu