Azərbaycandan daha 4 şirkət Rusiyaya ət və süd məhsulları ixrac edəcək
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilib.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq qərarı ilə toyuq əti istehsal edən "Qəbələ Quşçuluq" ASC, hazır ət məhsulları istehsal edən "Səhliyalı" MMC, süd və süd məhsulları istehsal edən "Biləsuvar Aqro" MMC və "Pal Food" MMC Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.
Beləliklə, indiyədək 12 Azərbaycan şirkəti Rusiyaya məhsullarını ixrac etmək üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə daxil edilib.
Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
770 dəfə oxundu