Ünvanlı dövlət sosial yardımı proqramı dayandırılmayacaq - Nazirlik

Ünvanlı dövlət sosial yardımı proqramı dayandırılmayacaq -


Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur və şaiyə xarakterlidir.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, hazırda ölkəmizdə mühüm sosial proqramlardan biri olan və əhalinin aztəminatlı hissəsinin yoxsulluğun doğurduğu çətinliklərdən qorunmasına yönələn ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir və 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyil.

Cari ilin fevralından tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ölkəmizdə sosial yardım təyinatı sisteminin müasir əsaslar üzərində qurulmasına, aztəminatlı ailələrin bu yardım növündən daha şəffaf şəraitdə, heç bir məmur müdaxiləsi olmadan faydalanmalarına imkan yaratdığını söyləyən nazirlik rəsmisi əlavə edib: "Ötən müddətdə 48 844 nəfər ailə üzvü olan 12 383 ailəyə VEMTAS tərəfindən avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem vasitəsilə ailələri təmsil edən vətəndaşların elektron şəkildə müraciətlərinin qəbulu, bu müraciətlərin sistem tərəfindən avtomatlaşdırılmış şəkildə araşdırılması və qərar verilməsi prosesi adi qaydada davam etdirilir”.

E.Babayev vurğulayıb ki, ünvanlı dövlət sosial yardımı proqramının davam etdirilməsi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin əmək potensiallarının reallaşdırılması, onların özünüməşğulluğuna şərait yaradılması istiqamətində də işlər aparılır.

Sərəncamla əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb ki, həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılır: “Sadəcə olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edildikdən sonra öz gəlirlərini adambaşına ehtiyac meyarından yuxarı təmin etmək imkanlarına yiyələnəcək ailələrin ünvanlı sosial yardım proqramından çıxaracağı nəzərdə tutulur. Yəni burada əsas məqsəd ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin etməkdir. Lakin bu işlər ölkədə aztəminatlı ailələrlə bağlı dövlət sosial yardımı proqramının dayandırılacağına dəlalət etmir və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi qarşıdakı dövrdə də davam etdiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...