"FİM Bank"la Azərbaycan arasında 12 il əvvəl başlayan məhkəmə çəkişməsi davam edir
"Adı açıqlanmayan xarici bankın Azərbaycan dövləti ilə 2004-cü ildə başlayan məhkəmə çəkişməsi davam edir". "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) saytında yerləşdirilən hesabatda bildirilir.
"Hüquqi prosedurlar 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR və ARDNF ilə təmsil olunan Azərbaycan dövlətinə qarşı cəmi təxminən 6 mln. ABŞ dolları məbləğində məhkəmə iddiası qaldırılıb. Bu məhkəmə iddiası bir xarici bank ("İddiaçı") tərəfindən Niderlandın Rotterdam Dairə Məhkəməsində ("Məhkəmə") qaldırılıb. 17 fevral 2010-cu il tarixli qərarda ("Qərar") məhkəmə iddiaçı bankın iddialarını rədd edib. Daha sonra iddiaçı bank qərara qarşı apellyasiya şikayəti verib və hazırda həmin işə apellyasiya instansiyasında baxılır. 22 sentyabr 2015-ci il tarixində apellyasiya məhkəməsində şifahi dinləmələr keçirilib və bundan sonra apellyasiya məhkəməsi 29 dekabr 2015-ci il tarixində qərar çıxaracağını açıqlayıb. Sonradan qərarın çıxarılması tarixi bir neçə dəfə təxirə salınıb. Fondun rəhbərliyi hesab edir ki, iddianın həll olunmasında yarana bilən ödənişlərin ehtimalı çox aşağıdır, bu səbəbdən də bununla bağlı maliyyə hesabatlarında hər hansı ehtiyat yaradılmayıb", - deyə hesabatda qeyd olunur.
Qeyd edək ki, ARDNF-nin hesabatında adı açıqlanmayan bank Maltanın "First International Merchant Bank"ıdır ("FIM Bank"). Azərbaycan tərəfi dəfələrlə məhkəmənin iş üzrə yekun qərar çıxarılmasını tələb edib və Niderland Krallığının Rotterdam məhkəməsi "FIM Bank"ın Azərbaycana qarşı 6,775 mln. ABŞ dolları məbləğində iddia tələblərini rədd edib. Qərarlarda "FIM Bank"ın iddia etdiyi halların (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "FIM Bank"a dövlət zəmanətinin verilməsi, nazirliyin dövlət qulluqçularının həmin banka qarşı dələduzluq etməsi, nazirlik (dövlət) tərəfindən "Poçtbank" SİB-dən vəsaitlərin qanunsuz götürülməsi və müxtəlif dövlət qurumlarında sənədlərin qanunsuz leqallaşdırılması) işdə olan materiallar əsasında sübuta yetirilmədiyi göstərilib. Məhkəmə qərarına əsasən, həmçinin, 20 590 avro vəsait "FIM Bank"dan tutularaq Azərbaycan tərəfinə ödənilib.
Bu qərardan "FIM Bank"ın verdiyi apelyasiya şikayəti üzrə Niderlandda Haaqa Apelyasiya Məhkəməsində iclas keçirilib. "FIM Bank"ın apellyasiya şikayətinin əsassızlığını sübuta yetirmək məqsədilə Azərbaycan etiraz sənədini məhkəməyə təqdim edib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən "Poçtbank" SİB külli miqdarda borcu yarandığı üçün Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim etməklə "FIM Bank"dan kredit alıb. "FIM Bank"da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində kredit ayrılıb. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan "Aztell" və "Baktell" şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına dövlət Rabitə Nazirliyi qismində zəmanət verir. "Poçtbank" bu krediti qaytara bilmədiyi üçün "FIM Bank" onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.
791 dəfə oxundu