Britaniya kəşfiyyatının şefi BP rəhbərliyində
Böyük Britaniyanın neft-qaz nəhəngi BP ölkənin Mİ6 kəşfiyyat xidmətinin keçmiş rəisi Con Soersi idarə heyətinin üzvü təyin edib.
Virtualaz.org saytı BP-nin London ofisindən yayılan rəsmi məlumata istinadən xəbər verir ki, Con Soers 2014-cü ilin noyabrında qədər Britaniyanın xarici kəşfiyyat xidməti olan Mİ6-nın rəisi olub. Onun kəşfiyyat xidmətində 36 illik iş təcrübəsi var. Analitiklər keçmiş Mİ6 rəisinin BP-nin idarə heyətinin üzvü təyin edilməsini sensasion hadisə hesab edirlər. Belə ki, BP Rusiya və İraq da daxil olmaqla dünyanın bir çox ölkələrində neft-qaz yataqlarını istismar edir. Rusiyanın “Rosneft” şirkətinin səhmlərinin beşdə biri BP-nin əlindədir.
Bu ilin fevralında Con Soers Rusiyanın Qərbə qarşı təhdidlərinin artması haqda danışmışdı.
“Biz Rusiyanın Ukraynada tətbiq etdiyi hibrid müharibə taktikasına hazır olmalıyıq. Özümüzü müdafiə etmək üçün zəruri tədbirlər görməliyik” - deyə keçmiş Mİ6 rəisi həmin müsahibəsində bildirmişdi.
Con Soers Mİ6-nın idarə edilməsindəki təcrübəsini indi biznes və maliyyədə tətbiq edəcək. O, BP rəhbərliyinə gətirilən ilk kəşfiyyatçı deyil. 2004-cü ildə Mİ6-nın keçmiş rəis müavini Mark Allen BP-nin müşaviri təyin edilmişdi.
Analitiklər qeyd edirlər ki, bu təyinatlar BP-nin Britaniya hökuməti ilə nə dərəcədə bağlı olduğunu bir daha göstərir.
BP-nin indiki rəhbəri Con Braun da 2007-ci ilə qədər Britaniya nazirlər kabinetinin aparıcı icraçı direktoru idi, idarəetmə üzrə məsləhətlər verirdi. Analitiklər qeyd edir ki, kəşfiyyat rəislərini idarə heyətinə daxil etməsi BP-yə mürəkkəb geosiyasi şəraitdə neft danışıqları aparmaqda kömək edəcək. Hazırda Yaxın Şərqdəki müharibələr, İrana və Rusiyaya qarşı sanksiyalar neft nəhənginin qarşılaşdığı əsas çətinliklərdən biridir.
1547 dəfə oxundu