Həmin müəllim işdən çıxarıldı

Həmin müəllim işdən çıxarıldı
Mil-Muğan Regional Təhsil İdarəsi sosial şəbəkələrdə dərs ilinin ilk günü İmişli rayonu Aranlı kənd tam orta məktəbinin həyətində yayılan görüntülərlə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə məktəbin ibtidai sinif müəlliminin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb: “İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub.

Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib”.

Adıçəkilən müəllim də video yayaraq bildirib ki, onu son görüntülərə görə deyil, məhz ötən il sözügedən məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşdığına görə vəzifəsindən azad ediblər.

Video ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. Açıqlamada bildirildi ki, müəllimin dərsi çöldə tədris etdirməsini əks etdirən görüntülər sentyabrın 16-da çəkilib: “O məktəb əvvəllər qəzalı vəziyyətdə idi. Dövlət proqramında nəzərdə tutulmuşdu və yeni məktəb tikildi. Müəllim ondan əvvəl həmin videonu paylaşmışdı. Elə başa düşdü ki, onun videosuna görə məktəb yenidən inşa edildi. Amma bu və digər bir neçə məktəb elə dövlət proqramında var idi. Məktəb sentyabr ayının 17-də istifadəyə verilib. Həmin video isə ayın 16-sı çəkilib. Müəllimin çöldə dərs tədris edərək çəkdiyi və paylaşdığı video da elə məktəbin 17-si istifadəyə verilməsinə etiraz olaraq hazırlanıb. Şagirdlərdən də istifadə edərək belə bir video çəkib. Ötən gün baş tutan Pedaqoji Şuranın iclasından sonra Leyla Nəcəfquliyevaya vəzifəsindən azad edilib”.

Qeyd edək ki, həmin vaxt Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilmişdi ki, Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...