“Biz bilməliyik ki, İran Ermənistanın müttəfiqidir, vəssalam...”

“Biz bilməliyik ki, İran Ermənistanın müttəfiqidir, vəssalam...”

Ötən gün İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib. Bu zaman səfirin ermənilərin səngərində dayanaraq Azərbaycan ərazisinə durbinlə baxması müəyyən müzakirələrə səbəb olub. Daha sonra onun son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə baş çəkməsi isə Azərbaycan cəmiyyətinə İranın mövcud gərginlikdə ermənipərəst mövqe sərgilədiyini düşündürüb.

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu addımı İranın Ermənistana dəstəyi kimi qiymətləndirib:

“İran hakimiyyəti heç vaxt gizlətmir ki, Ermənistan onlar üçün Azərbaycandan daha vacib bir qonşudur. Hətta İran prezidenti demişdi ki, ermənilərlə biz eyni qandanıq, sadəcə dinimiz fərqlidir.

O baxımdan burada təəccüblü heç bir şey yoxdur. Azərbaycan dövlətinin zəifləməsində onların xüsusi maraqları var, yəni Ermənistandakı səfirin hərəkətinə də bu kontekstdən yanaşmaq lazımdır. Azərbaycan buna heç bir reaksiya verməməlidir. Biz onlara deyə bilmərik ki, bunu et, onu eləmə. İran müstəqil dövlətdir.

Amma Allahşükür də deməsin ki, İran Azərbaycanın dostudur, qardaşıdır, müharibədə belə kömək elədi və s. Biz bilməliyik ki, İran Ermənistanın müttəfiqidir, vəssalam, burda nə var ki?! Zatən biz İranı bir müttəfiq kimi görmürük ki, “Müttəfiqimiz belə edir”,-deyək. Kimlə müttəfiq olar, özü bilər”.

Milli Məclis deputatı Fazil Mustafa isə burada bir qəbahətin olmadığını vurğulayıb:

“Çünki bir səfir istənilən ölkədə istənilən əraziyə gedə bilər. Sadəcə hesab edirəm ki, ölkələr öz səfirlərinə eyni davranışı Azərbaycanda da təkrarlamağı tapşırmalıdırlar. Bu məsələlərdə daha anlayışlı münasibət göstərilməlidir.

Məsələn, ABŞ, Fransa və Rusiya səfiri Şuşaya səfər etməkdən imtina etdi. Amma ABŞ səfiri Ermənistanda sərhədə gedir. Deməli, bu ikiüzlü bir yanaşmadır. Bizim əsas narahat olduğumuz bu məqamdır. Bunun xaricində istənilən səfirin olduğu ölkədə bu cür kommunikativ münasibətlər qurmasına hansısa mənfi fikir söyləmək doğru deyil. Təbii ki, ölkəsi bizə qarşı hər hansısa bir səhv addım atmayıbsa, bu belədir”.

Həmsöhbətimiz hesab edir ki, bu, İranın Ermənistana dəstəyi məsələsi deyil:

“İndi bizdə də İran səfiri Şuşaya səfər elədi və bizimlə normal münasibətlərin olduğunu göstərdi. Ona görə də bu məsələdə bizim irad bildirməyimiz üçün elə də bir əsas yoxdur. Bizdə də səfir şəhid ailələrinə baş çəkə, sərhəd bölgəsində müəyyən məsələlərlə bağlı iştirak edə bilər. Amma bütövlükdə hər hansı bir şəkildə səfirə söyləmək olmaz ki, sən niyə işlədiyin ölkədə harasa baş çəkirsən? Etik cəhətdən doğru deyil. Ona görə də Azərbaycanın buna xüsusi reaksiyasına ehtiyac yoxdur. İranın buradakı səfirinə sərhədə baş çəkmək istəsə Azərbaycan da ona şərait yaratmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...