“Azərbaycanda bu ilin sonuna kimi seçki keçiriləcək“ - Hüquqşünas

“Azərbaycanda bu ilin sonuna kimi seçki keçiriləcək“ -
Milli Məclisə seçkilər ötən ilin fevral ayında keçirilsə də, parlametin tam tərkibdə formalaşması mümkün olmadı. Artıq il yarımdan çoxdur ki, 4 dairənin təmsilçisi yoxdur. Son hadisələrdən - Xaçmazın deputatı Eldəniz Səlimovun polisi döyməsindən sonra isə daha bir dairənin də boşalacağı şübhə doğurmur.

Maraqlıdır, bu yerlər beş il müddətinə boş qala bilər? Ümumiyyətlə, boş qalan yerlərə seçkilərin hansı müddətdə keçirilməsi nəzərdə tutulur?

Mövzu barədə Yenisabah.az-a danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev seçkilərlə bağlı ilk növbədə MSK-nın qərar qəbul etməli olduğunu diqqətə çatdırıb:

“Əvvəllər boş qalan yerlərə seçkilərin keçirilməsi üçün uzun müddət gözlənilmirdi, bu proses bir neçə aya baş tuturdu. Ancaq indi vəziyyət fərqlidir, xeyli müddət keçib. Güman edirəm ki, pandemiya ilə əlaqədar belə bir hal yaşanıb, çünki pandemiya dövründə seçki keçirilməsi, səsvermənin təşkili ilə bağlı ortada hər hansı təcrübə yoxdur. Heç qanunvericilikdə də bu məsələ nizamlanmayıb. Məsələn, normalda seçkiqabağı görüşlər keçirilməli, təbliğat kampaniyası aparılmalı, toplantılar olmalıdır. Ancaq pandemiya dövründə bunların təşkilinin öz xüsusiyyətləri var və o xüsusiyyətlər qanunvericilikdə belə öz əksini tapmayıb. Görünür, buna görə də çətinliklər var”.

Hüquqşünas hesab edir ki, seçki məcəlləsində mütləq şəkildə dəyişiklik edilməlidir:

“Həmin məsələlər orada öz həllini tapmalıdır. Məsələn, seçicilərlə görüşün hansı formatda keçirilə biləcəyi göstərilməlidir. Seçki məcəlləsində dəyişiklik ediləndən sonra artıq boş yerlərə seçkilərin nə vaxt keçiriləcəyi məsələsi həll edilə bilər. Hazırda isə məcəllə ilə onlayn şəkildə təbliğatların keçirilməsi nəzərdə tutulmayıb”.

Həmsöhbətimiz boş qalan yerlərə hansı aralıqda seçkilərin keçirilə biləcəyi ilə bağlı bir müddətin olmadığını da bildirib:

“Ancaq Mərkəzi Seçki Komissiyasının qərarından sonrakı seçki müddəti var, bu da üç aydır. Ümumiyyətlə, qərar qəbul olunduqdan sonra hazırlanmış qrafikə uyğun müddət ayrılır. Düzü, beş il həmin yerlərin boş qalması arzuolunmaz bir haldır. Çünki hansısa seçicilərin uzun müddət təmsil olunmaması problemdir. Ancaq etiraf edək ki, pandemiya dövründə bir çox hüquq və azadlıqlar məhdudlaşdırılıb. Bu qanunda da nəzərdə tutulub”.

Əsabəli Mustafayev bu ilin sonunadək seçkilərin keçirilə biləcəyini qeyd edib:

“Gümanım bu yöndədir. Ancaq təkrar bildirim ki, ilk növbədə seçki məcəlləsində dəyişiklik olmalıdır. Əgər dəyişiklik edilmədən göstəriş əsasında seçicilərlə görüş keçirilərsə, onlar artıq seçki məcəlləsinə müəyyən dərəcədə zidd göstərişlər olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...