Erməni diversantları Hadruta rus sülhməramlıları ötürübsə…
Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığındakı meşəlik ərazilərdə saxlanmış və hazırda Bakıda hakim qarşısına çıxarılaraq mühakimə olunan ermənilər deyir ki, ora gəlmələrindən rus sülhməramlılarının xəbəri vardı. Bu barədə onlar iyunun 29-da məhkəmədə ifadələrində bildiriblər.
Terrorçuluq, Azərbaycan sərhədlərini qanunsuz keçmə və başqa əməllərdə suçlanan Ermənistan vətəndaşlarının məhkəməsində onların özlərinin dindirilməsi mərhələsidir. İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Azərbaycanla Ermənistan arasında döyüşlərin dayanması haqda razılaşmadan sonra terror aktları, təxribatlar törətmək məqsədilə silahlanaraq 26-27 noyabrda Hadrut meşələrinə yerləşiblər. Dekabrın 13-ə qədər Azərbaycan ərazilərində müxtəlif terror aktları, təxribatlar törədiblər.
Məhkəmə iclasında terrorçu qrupun üzvlərinə sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilənlərdən biri Gevorq Asatryan ifadəsində göstərib ki, onları ötən il noyabrın 27-də Gümrüdəki hərbi komissarlığa yığıb, üç mikroavtobusa və bir böyük avtobusa mindirərək Laçına gətiriblər.
Asatryan deyib: “Laçında Rusiya sülhməralıları dayanmışdılar. Maşında gözlədik ki, bizi yola salsınlar. Bizi yoxlamadılar, elə oradan yola saldılar. “Ural”la 40 dəqiqəyə yaxın yol getdik. Hansısa dağın ətəyinə çatanda maşından düşdük, piyada dağın zirvəsinə (Söhbət hazırda Xocavənd rayonunun inzibati ərazisində olan strateji əhəmiyyətli Ziyarət dağından gedir,-red.) qalxdıq. Tapşırığa əsasən, həmin ərazidə növbə çəkənləri əvəzləməli idik “.
G.Asatryan ifadəsinin davamında bildirib ki, onları həmin əraziyə aparan polkovnik-leytanant Arsen Kazaryan idi. Kazaryan dəstəni Ziyarət dağında yerləşdirəndən sonra iki gün sonra onların yanına geri qayıdacaqlarını bildirib, amma qayıtmayıb, dəstə üzvlərini aldadıb:
“Komadirimiz qayıtmadı. Yanımıza bir daha gəlmədi. On gündən çox qaldıq orada. Bizə tapşırıq vermədilər. Dekabrın 13-də bizə zəng vurdular, aşağı düşməyimizi əmr etdilər. Dedilər ki, növbə dəyişir, siz qayıdırsız. Biz də həmin gün dağdan aşağı endik. Yolda Azərbaycan əsgərləri ilə qarşılaşdıq. Silahlarımızı təhvil verdik, özümüz də təslim olduq”.
Daha sonra prokurorun suallarını cavablandıran Asatryan bildirib ki, vaxtilə Əsgəranda hərbi xidmətdə olub. Ötən il yenidən hərbi xidmətə çağırılanda universitetdə oxuyurdu və göndərildiyi ərazilərin Azərbaycan ərazisi olduğunu “bilmirdi”. Və Asatryan özünü kütbeyinliyə vuraraq sorğu-suala cavab verməyə çalışıb: “Hərə bir söz deyir. Biri deyir bizimdir, o biri deyir yox, bizimdir. Bizi komandirimiz aparıb, ona tabe olumuşuq, etiraz etsək, həbs olunacaqdıq. Dedilər ki, sərhədləri qorumağa gedirsiz. Mən Gümrüdə yaşayıram. Bizi göndərdikləri yerdə hamısı erməni əsgərləri idi. Düşündük ki, Ermənistan ərazisindəyik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat barəsində xəbərim var idi, internetdə görmüşdüm”.
Bu vaxt prokuror soruşub: “Siz bilirdinizmi Laçın Azərbaycan ərazisidir?”
G.Asatryan isə yenə özünü bilməməzliyə vurub: “Yox, bilməmişəm, Qarabağda cəmi iki dəfə olmuşam”.
Sonrakı suallara cavab olaraq isə Asatryan hazırda onunla birgə mühakimə olunan Segam Serobyanın qrupa rəhbərlik etdiyini, amma heç bir döyüş tapşırığı almadıqlarını deyib. Dövlət ittihamçısı soruşub: “Onda niyə silahla təhciz edirdilər? Elə Gümrüdə oturub onlayn qaydada növbə çəkərdiniz”.
G.Asatryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. İstintaqa verdiyi ifadəsində Asatryan bildirib ki, mövqe tutduqları əraziyə Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə onların qarşısını almaq üçün silahdan atəş açmaq göstərişi alıblar.
Prosesdə daha sonra Volodya Hakobyan ifadə verib. O, ifadəsində Gümrüdəki hərbi komissarlığa çağırıldığını deyib: “Dedilər ki, növbə dəyişməyə getməlisiz. Silah götürüb qol çəkdik. Gecəyarısı Laçına çatdıq, səhərə qədər gözlədik. Orada Rusiya sülməmaramlıları və mülkü şəxslər də vardı. Dağa qalxdıq, növbədə olan əsgərlər aşağı düşdülər, biz onları əvəz elədik. Kazaryan dedi ki, bir neçə gün burda növbədə qalacağıq. Çadır qurdular. Hava çox soyuq idi. Çadırda qalmaq olmurdu. Vəziyyət çətin idi. Kazaryan dedi gələcəyəm, amma gəlmədi. Yalnız dekabrın 13-də zəng vurub dağdan aşağı düşməyi əmr etdi. Dedi ki, yeni növbə gələcək, sizi əvəzləyəcək. Bildirdilər ki, yeni növbə gəlir, biz evə gedirik. Dağdan düşəndə yolu səhv saldıq. Düşəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulduq. 60 nəfərə yaxın idik. Silahlarımızı təhvil verdik, təslim olduq”.
Prokurorun suallarını cavablandıran Hakobyan bildirib ki, onları maşına doldurub aparanda Ermənistan ərazisinə aparıldığını güman edib: “Laçına çatandan sonra bildim ki, Azərbaycan ərazisinə daxil olmuşuq…”
Göründüyü kimi, erməni əsirlərin ifadələrindən bəlli olur ki, onların gəilişindən rus sülhməramlıları xəbərdar olublar. Əgər erməni diversantların ifadəsi təqsdini taparsa, rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti bir daha gündəmə gələ bilərmi?
Ploitoloq Zaur Məmmədov Rusiyanın bəzi addımlarının Azərbaycan ictimaiyyətində haqlı narazılıqlara səbəb olduğunu deyir. O, təxribat yönümlü addımlardan mütləq şəkildə çəkinməyin lazım olduğunu vurğuladı: “Rus sülhməramlılarının dəhlizdə hansı işlərlə məşğul olmasıyla bağlı uzun müddətdir ki, Azərbaycan tərəfindən narazılıqlar olub. Əslində, bir neçə erməni əsir də etiraf edib ki, onlar Laçın dəhlizinə daxil olarkən, rus sülhməramlıları onları Azərbaycan torpaqlarına yoxlamamış buraxıblar. Söhbət mütəşəkkil şəkildə erməni və rus planından gedir. Rus sülhməramlıları mütləq şəkildə onları yoxlamalı və silahlı erməni dəstələrini bölgəyə buraxmamalı idi. Erməni əsirlərin ifadəsi bir daha rus sülhməramlılarıyla bağlı məsələni gündəmə gətirmiş oldu. Təbii ki, rus sülhməramlılarıyla bağlı bu istiqamətdə sərt fikirlərimizi ifadə etməliyik. Onsuz da Rusiyanın bəzi addımları Azərbaycan ictimaiyyətində haqlı narazılıqlara səbəb olur. Rusiya üçtərəfli bəyanatdan sonrakı rolunu başa düşməlidir. Onlar dəhlizin nə olduğunu anlamalıdırlar. Bu yaxında Rusiya telekanallarının birində təxribata əl atılıb. Belə ki, Dağlıq Qarabağın paytaxtı Satepanakert olaraq təqdim edilib. Bundan əlavə, sujetdə Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan ayrıca tərəflər kimi göstərilib. Görünür, bu ölkədə bəzi qüvvələr bölgədə öz maraqlarını həyata keçirmək üçün ən böyük qeyri-obyektivliyə və təxribata da əl atmağa hazırdırlar. Hər bir halda dəhlizə nəzarət edənlər bilməlidirlər ki, bir neçə ildən sonra dəhlizə nəzarəti Azərbaycan öz üzərinə götürəcək. Ümumiyyətlə, bir neçə ildən sonra rus sülhməramlıları dəhlizi Azərbaycan hərbçilərinə təhvil verəcəklər. Təxribat yönümlü addımlardan isə mütləq şəkildə əl çəkmək lazımdır”.
Digər politoloq Turan Rzayev isə erməni əsirlərin ifadələrinin mütləq şəkildə araşdırılmalı olduğunu bildirdi. O əlavə etdi ki, əgər bu, təsdiqlənərsə, Azərbaycan Rusiya tərəfinə etirazını bildiməlidir: “Ermənilərin bu istiqamətdə nə deməsinin o qədər də əhəmiyyəti yoxdur. Təbii ki, bunun həqiqi olub-olmaması araşdırılmalıdır. Sülhməramlılar başda olmaqla, birgə monitorinq mərkəzinə bu haqda məlumat verilməlidir. Lakin bu, istənilən halda istinad ola bilməz. Onlar bunu məqsədli şəkildə yalan da deyə bilərlər. Bu, tərəflər arasında olan razılığın pozulmasına yönəlmiş açıqlama ola bilər. Təbii ki, bunun arşadırılması lazımdır. Bu, sadə bir iddia deyil. İddianın mahiyyəti böyükdür. Məsələ sona qədər araşdırılmalıdır. Həqiqətən də rus sülhməramlıları qeyd edilən diversant qrupun Hadrut qəsəbəsi istiqamətində keçməsinə icazə veriblərsə, bu rus sülhməramlılarının ərazimizdəki legitimliyinin pozulması anlamına gəlir. Faktiki olaraq 10 noyabr bəyanatında qeyd edilən məsələnin qüvvədən düşməsinə gətirib çıxarır.Təbii ki, bu ifadələri Azərbaycan höküməti sülhməramlıların rəhbərliyinə və eyni zamanda birgə monitorinq mərkəzinə məlumat verəcək. Bunun həqiqətliliyi araşdırılacaq. Lakin ehtimal etmirəm ki, bu məsələ doğrudur. Əgər bu, həqiqətən də olubsa, bundan Azərbaycan tərəfinin də xəbəri olardı. Hər halda bütün nöqtələr Azərbaycanın nəzarəti altındadır. Burda təkcə hərbi nəzarətdən söhbət getmir. Eyni zamanda, havadan izlənilmə də bura daxildir. Qarabağda baş verən bütün aktivlik Azərbaycan Silahlı qüvvələrinin nəzarəti altındadır. Bu, elə həmin tarixdə də belə idi. Rus sülhməramlıları bunu etsəydi, Azərbaycan hökümətinin bundan xəbəri olar, dərhal da buna reaksiya verilərdi. İstənilən halda Şuşaya raketlərin kim tərəfdən atılmasıyla bağlı Rusiya tərəfinə məlumat verdik. Hətta, bununla bağlı izahat da tələb etmişik. Eyni zamanda, 44 günlük müharibə ərəfəsində İran ərazisindən 500 tona qədər silahın Ermənistan ərazisinə ötürülməsiylə bağlı uzun müddət Rusiya tərəfinə məlumat verildi. Əgər bu məsələdə də rus sülhməramlılarının günahı varsa, bununla bağlı Kremlə etiraz bildirilə bilər. Həm sülhməramlıların, həm də birgə monitorinq mərkəzi məsələsi yenidən gündəmə gətirilə bilər”.
“Hürriyyət” qəzeti
955 dəfə oxundu